Zeynəb Xanlarovanı tənqid edənlərə etiraz etdi: Cahillər, səviyyəniz o çapda deyil

Əməkdar artist Mehriban Xanlarova, son günlər sosial şəbəkələrdə bibisi, Xalq artisti Zeynəb Xanlarova haqda yazılanlara etiraz edib.

Sənətçinin illər əvvəlki çıxışını paylaşaraq fikirlərini bildirib. Videoda Xanlarova Milli Məclisdə uşaq pulunun ləğv edilməsi ilə bağlı çıxış etdiyini iddia edənlərə cavab verib.

Bu çıxışla bibisinin deputat olduğu zamanlarda heç vaxt uşaq pulun kəsilməsinin tərəfdarı olmadığını qeyd edən aktrisa bunları yazıb:

“Son günlərdir Zeynəb Xanlarovanın AzTV-nin Yeni il konsertindəki çıxışını sosial şəbəkələrdə cahillər və sarı media üzvləri tənqid edərək, müzakirə obyektinə çevriblər. Həmin cahillərə demək istəyirəm ki, Zeynəb xanımın illər öncə verdiyi müsahibəyə diqqətlə qulaq asın! Sizin intellektual səviyyəniz dünya şöhrətli sənətkarın sənətini müzakirə edə biləcək çapda deyil! Zeynəb Xanlarovaya dil uzatmaq, Azərbaycan mədəniyyətinə, incəsənətinə dil uzatmaq deməkdir! Siz internetsiz dövrdə öz səsi ilə Azərbaycanı bütün dünyada təmsil edən və tanıdan fateh sənətkarı tənqid edirsiz? Gözlərinizi açın, başqa ölkələr öz sənətkarlarına necə hörmət qoyur görün!

Qardaş ölkə Türkiyədə Zeki Mürenə “paşa”, Bülent Ersoya “diva”, İbrahim Tatlısesə “imperator” deyirlər. Gedin arxivi araşdırın və öyrənin ki, SSRİ prezidenti Mixail Qorbaçov Zeynəb Xanlarovaya “Sosialist Əməyi Qəhrəmanı adı” verməkdən niyə imtina edib. Çünki 1990-cı il 20 Yanvar hadisəsi törədiləndən sonra Zeynəb Xanlarova SSRİ hökumətinə meydan tribunasından etiraz edərək, ölkə rəhbəri Mixail Qorbaçova “ölüm!” deyib və SSRİ prezidenti Mixail Qorbaçovun ünvanına sərt bir məktub yazıb. Birini də “Komsomolskaya Pravda” qəzetinə göndərib. Bu, o vaxt idi ki, Zeynəb xanıma “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı verilməsi haqqında fərman Qorbaçovun masasının üstündə idi. Bircə imza atmağı qalmışdı. Zeynəb xanımın yazısını oxuyandan sonra həmin fərmanı kənara tullayıb demişdi: “Eto ta narodnaya artistka SSSR Zeynab Xanlarova? Posle etoqo pisma yey ne polojeno eto poçetnoe zvaniy “Qeroy Sosialistiçeskoqo Truda”. (Bu həmin SSRİ Xalq Artisti Zeynəb Xanlarovadır? Belə məktubdan sonra ona “Sosialist Əməyi Qəhrəmanı” fəxri adı düşmür). Zeynəb xanım da demişdi ki, cəhənnəmə versin! Mən elə Zeynəbəm, Zeynəb kimi qalmağım mənə bəs edər! Zeyneb Xanlarova Milli məclisdə heç vaxt xalqının əleyhinə söz deməyib! Düşmənləri onun əl çatmaz olmağından istifadə edərək, haqqında bir çox yalanlar və böhtanlar yayıb. Çünki bilirdilər Zeynəb xanım tez-tez müsahibələr vermir, televiziya kanallarına çıxmır. Zeynəb Xanlarova mədəniyyətimizin nəhəng daşıdır və yel qaydan heç nə apara bilməz!”. / Olay.az