Televiziyalarda ədəbsizlik, mənəviyyatsızlıq nümayiş olunur - Qarabağı "şapoşlarla", "mamoşlarla" böyüməyənlər aldı
“Bu gün nə Siyavuş Aslan, nə Nəsibə Zeynalova, nə Həsən Turabov, nə Yusif Vəzirov, nə Fazil Salayev, nə Ədil İsgəndərov var. Artıq Ramiz Məlik də yoxdur! Biz gedirik, bir-bir gedirik, başa düşürsünüz?! Niyə gedirik? “Qara yeşik” bizi bu günə qoyduğuna görə gedirik, hamısı televiziyaya görə oldu. Telekanallar musiqimizi də, ədəbiyyatımızı da məhv etdi!”
Bu sözləri aparıcı Kamran Həsənli “Müsavat” TV-dəki verilişində deyib.
O, vaxtilə çalışdığı telekanaldan necə çıxdığından, telekanal rəhbəri ilə mübahisəsindən danışıb:
“Adını çəkmək istəmədiyim televiziya rəhbərlərindən biri ilə telekanaldan çıxanda üzbəüz bir söhbətim oldu. Məni televiziyadan çıxardılar, özüm çıxmadım. Bəziləri yazır ki, yaxşı edib səni çıxarıblar. Təbii ki, ekranda ədəbsizliyin, mənəviyyatsızlığın göstərilməsini istəyənlər bizi istəməzlər. Televiziya rəhbərliyi ilə son söhbətimdə sual verdim ki, axı niyə bizi bu hala salırsınız?! Axı sən də azərbaycanlısan. İclas zamanı idi, elə telekanal da televizorda açıq idi, dedim ki, o efirdəkinə bax, onun danışığına, intellektinə bax, a kişi, ayıb deyilmi Seyid Əzim Şirvaninin ruhundan?!
Mənə qayıdıb bilirsiniz nə dedi? Dedi ki, Kamran müəllim, indi evdar qadınlar evində ət çəkə-çəkə televizorun qarşısında oturub baxırlar, ona sənin ciddi danışığın lazımdır?
İndi kim evində əllə ət çəkir, hamıda elektrikli maşındır. İkincisi sən milləti arxanca çəkib irəli aparmaqdansa, bilə-bilə bu milləti arxaya dürtürsən? Bu sözlər iclasda həmin telekanal rəhbərinin üzünə deyilib. Amma təəssüf ki, sonradan rəhbərliyə ondan da pisləri gəldi. Sən demə, o adam hələ yaxşı imiş”.
K. Həsənli bu gün gənclərin örnək götürə biləcəyi proqramların olmamasından gileylənib:
“Bu gün rep hanı? Bizim vaxtımızda Hüseyn Dəryanı dartıb efirə çıxarırdıq ki, gəl rep de, Elşad Xoseylə bir meydana çıx, gənclərə enerji ver. Həmin replərlə böyüyən gənclər 44 günlük savaşda qəhrəmancasına döyüşdülər. Onlar nənələrin efirdə ərə getməsi ilə, Baboşlarla, şapoşlarla, mamoşlarla böyüməmişdilər. Hansı ki, bu gün həmin şapoşlar gözümüzün önündə varlanırlar, şəhərin mərkəzində ev sahibi olurlar. Bilmirəm, bunların cibinə kimsə pul basır, ya necə. Bunu kim edir?!
Biz millət olaraq səfərbər olmalıyıq. Biz müharibədəki qələbədən sonra bu problemlərimizi həll etməliyik. Bəziləri yazacaq ki, Kamran, problemi yaradanlardan danış. Problemi yaradan elə bizik!
Telekanallarda işləyənlər - redaktorlar, bədii şura, departament rəhbərləri bizlərik”. / Yenisabah.az