Tanınmış professor Fazil Qaraoğlu pulu olmadığı üçün dörd gündür küçədə yaşayır - FOTO

Professor Fazil Qaraoğlu (İsmayılov Fazil Qara oğlu) dörd gündür küçədə yaşayır. Sosial şəbəkədə yayılmış məlumat və görüntülərə əsasən, kirayə haqqını ödəyə bilmədiyinə görə ev sahibi onu əşyaları və qalaq-qalaq əlyazmaları ilə birlikdə küçəyə atıb.

Məsələni sosial şəbəkədə ictimailəşdirən Şahbaz Xuduoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, Fazil Qaraoğlu ilə 10 ilə yaxındır şəxsi tanışlığı var:

“Vaxtilə “Qanun” nəşriyyatına tez-tez gəlirdi. Müqəddəs “Quran” kitabını həm Azərbaycan, həm də rus dilinə çevirən yeganə mütərcimdir. Tərcüməni mənə verib dedi ki, nəşr hüququ səndədir. İki il öncə kitabı çap etdirdim. Fazil Qaraoğlu yalnız “Quran”ı yox, arxivdə işlədiyi zaman erməni həqiqətləri ilə bağlı yazdığı neçə-neçə kitabın da müəllifidir. On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. "Ermənilər və Həqiqətlər - sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr elətdirib”.

Şahbaz Xuduoğlunun sözlərinə görə, araşdırmalarına görə ermənilər Fazil Qaraoğlunu ölümlə hədələyiblər: "Türkiyə dövləti onun xüsusi mühafizəsini təşkil edib, alim özü isə təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb. 17 ildir kirayədə yaşayır. Heç yerdə işləmir, yalnız pensiya alır.

Ona oteldə qalmağı təklif etdim, "əlyazmalarımı, illərcə topladığım sənədləri burda qoyub gedə bilmərəm" dedi".

"Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. Böyük Millət Məclisinin bu barədə təşəkkür məktubu var. Tərcümə etdiyi "Quran" kitabından 500 nüsxə Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovdan xüsusi təşəkkür məktubu alıb" - deyə Şahbaz Xuduoğlu bildirib.

Fazil Qaraoğlunun özüylə əlaqə saxlamaq cəhdimiz alınmadı. Onun qonşusu Tahir Məmmədov saytımıza söylədi ki, professor küçəyə atıldığı evdə bir ilə yaxın kirayədə qalıb: “Dörd gündür küçədədir. Ev sahibinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq evdən çıxmadı. Həmin adam da onu maşına oturdub ev tapmağa çalışdı, heç biri ilə razılaşmadı, axırı məcburi evdən çıxartdı.

Fazil müəllimin dediyinə görə, ailəsi yoxdur, bir qızı var, o da Fransada yaşayır. 430 manat pensiya alır. Başqa yerdən heç bir gəliri yoxdur. Yasamal rayon İcra Hakimiyyətindən hələlik xəbər yoxdur, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəliblər, ona sığınacağa getməyi təklif ediblər, Fazil müəllim razılaşmayıb. Əşyaları həddindən artıq çoxdur, onları qoyub gedə bilmir.

Çalışırıq ki, ona Yasamal rayonu ərazisində ev tapaq”.

Son məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təklifi əsasında Fazil Qaraoğlu müayinəyə aparılıb.