Şuşa fatehi Hikmət Mirzəyev 56 yaşını qeyd edir

Bu gün Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.

Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub. 

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallarla təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

Ailəlidir. İki övladı var.

Mirzəyev Hikmət İzzət oğlu 11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.