“Space”in meyxana yarışması etirazla qarşılandı: “Xalqın aşağı səviyyəli nümayəndələri...”

18 Aprel 2023
643ed6e7db240202304234407
208

“İstənilən halda hər hansı bir media qurumunun əsas funksiyalarından biri də maarifləndirmə olmalıdır. Maarifləndirmə isə xalqın mədəniyyətini, mənəviyyatını və savadını artırmaq məqsədi daşımalıdır, nəinki verilişlərdə meyxana proqramları olsun”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında yazıçı Tural Cəfərov (Qan Turalı) deyib.

O, “Space” telekanalında yayımlanması planlaşdırılan yeni meyxana şousuna münasibət bildirib. 

Qan Turalıya görə, bəziləri, xüsusilə də televiziyalarda düşünürlər ki, xalqın aşağı səviyyəli nümayəndələri varsa, gəlin, biz onlardan süni şəkildə istifadə edək. Onun fikrincə, bu, etik baxımdan heç bir zaman qəbul olunmayan şeydir, çünki televiziyaya baxan insanlar nə isə öyrənməli, onların savadları və bilikləri artmalıdır. 

“Lakin bu kimi verilişlər onların şüurunu aşağı səviyyəyə salır. Mənə görə bu, çox ucuz bir yoldur. Məncə, Azərbaycan xalqı belə şeylərə getməyəcək. Biz ANS-də də gördük eyni şeyi. Meyxana verilişi oldu, indi isə meyxananın nə əvvəlki nüfuzu, nə də hörməti qalmayıb.

Bu gün tanınmış meyxanaçının məhkəməsi gedir və bütün ölkə ona köklənib. Elə ona görə də bu şeylər yersizdir və bununla uğur qazanmaq mümkün deyil. ANS-in etdiyi vaxtda bunu etmək mümkün olsa da, indiki vaxtda bu, alınmayacaq”, - yekunlaşdırıb.