“Sən nə vaxt sənətkar oldun?” - Əməkdar artistdən sərt tənqid
Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir. Müsahibənin bir hissəsini təqdim edirik:
- Ümumi Azərbaycan teatrı ilə bağlı vəziyyət necədir?
- Azərbaycanda teatr yox dərəcəsindədir. Bəlkə, kimsə üçün var, amma mənə görə yoxdur. Axı mən nəhəng müəllimlər görmüşəm. Bu elə sahədir ki, gərək hər şeydən məlumatın olsun, ciddi mütaliə lazımdır. Mən tələbə vaxtı saatlarla kitab oxuyurdum, ingilis, fransız ədəbiyyatını mütaliə edirdim. Sonra keçdim fəlsəfəyə, daha sonra dinə...
- Sizə görə, din nədir?
- Oxuyandan sonra dindən uzaqlaşdım. Çünki özümə bir sual verdim: din nədir? - Din barbar insanları xof altında saxlamaq üçün düşünülmüş vasitədir. Sənin mollaların demir ki, Allahı sevirsənsə, günah etmə. Deyirlər ki, Allahdan qorx, günah işləmə. Bir dəfə yas məclisində idim. Mollaya dedim ki, bayaqdan adını çəkdiyiniz Allahı mənə göstərin. Üzüm talvarının altında oturmuşduq. Dedi, yuxarı bax, yarpaqlara. Orada ən yaşıl yarpaq necədir? Dedim, çox gözəl. Dedi, bax, harada gözəllik varsa, orada yaradanın siması var. Qalxıb mollanın alnından öpdüm, dedim, çox sağ ol, mən də belə fikirləşirdim.
- Azərbaycanda nəyi ciddi problem hesab edirsiz?
- Bizim ən böyük problemlərimizdən biri savadsızlığımızdır. Mütaliə etmirik. Açıb televiziyalara baxın. Guya komediya oynayırlar. Bu bədbəxt hələ bilmir ki, komediyanın hansı janrını oynayır. Sən bunu bilmədən, necə oynayırsan? Bizim cəmiyyət təbəqələrdən ibarətdir. Birinci kasıb təbəqə, ikinci orta, üçüncü isə ziyalı təbəqəsi sayılır. Orta təbəqə ziyalıları udub, öz gününə qoyub.
- Kimdir bu orta təbəqə?
- Savadsız və öz cibini güdən adamlar. Bir dəfə metroda məndən soruşdular ki, Vahid müəllim, bu millət haqqında nə deyə bilərsən? Dedim, heç nə. Dedi, necə yəni, siz axı ziyalısız... Dedim, bir millətin ki, atalar sözü "Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli" ola, mən nə deyə bilərəm ki? Peyğəmbər deyib ki, çox millət çox şeyin düşkünüdür. Lakin mənim hümmətim bir var-dövlət, bir də qadın hərisidir.
- Neynəmək lazımdır?
- Ziyalı təbəqə ayağa qalxmalıdır. Bilirsiz, bu haçan baş verdi? 1988-ci ildə Qərbi Azərbaycandan, Qarabağdan axın oldu Bakıya. Gələnlərin hər biri öz psixologiyasını gətirdi şəhərə. Mən şəhər mühitini də, kəndi də görmüşəm. Qaçqınlar öz yerlərində o psixologiya ilə yaşayırdılar, lakin Bakıya gələndə başladılar özlərini təsdiq eləməyə.
Onlarda günah yox idi, evini, yurdunu qoyub gəlmişdi. Məcbur idi ki, özünə çörək qazansın. Əvvəla, gərək ziyalı orta təbəqənin səviyyəsinə enməsin. Bizim deputatlarımızın çoxu əyalət leksikonu ilə danışır. Özünü azca dərk edən insan baxıb deyir, budurmu mənim deputatım? Ziyalının danışdıq tərzi, duruşu çox önəmlidir. İnsanlar səndən örnək götürürlər.
- Siz özünüz də tez-tez televiziyalara çıxırsız. Televiziyaların şoulaşması, bayağı səviyyəyə gəlir... Bununla bağlı fikir bildirmisiz?
- Mən ARB-ə baxıram arada. Qız hava haqqında veriliş aparır. Danışa bilmir. Nəvəm ondan təmiz danışır. Sən 1970-ci illərdə televiziyaya çıxa bilərdin? Yox. Amma indi açıq qapıdır. Uşaq onlardan nə götürəcək? Bizim bir Xalq Artistimiz var - Röya Ayxan. Hansı səviyyənin adamıdır? Ataların bir sözü var, atan soğan, anan sarımsaq, sən haradan gülməşəkər oldun? Röya bizim dəyərli sənətkarımız Ayaz Salayevə hörmətsizlik etdi. Sən nə vaxt sənətkar oldun?
- Müasirləşən, Avropalaşan dünya ilə aranız necədir?
- "Tesla"nın qurucusu İlon Mask öz oğlundan imtina edib. Bilirsiz niyə?
- Bəli, cinsiyyətini dəyişmişdi.
- Bir gün Zaurun verilişində idim. Zaur dedi, avropalaşmaq-filan. Dedim, Zaur, bəsdi. Nə avropalaşmaq salmısız. Dədə-babalarımızdan nə gözəl adətlər qalıb. 5 yaşlı oğlan uşağına bağçada yubka geyindirirlər ki, böyüyəndə arvadının qədrini bilsin. O uşaq nə olacaq? Böyüyənə qədər özü anabala olacaq. Mirmövsüm Nəvvab ailədə kişi necə olmalıdır, onu çox gözəl izah edib.
- Sizə görə, ailədə kişi necə olmalıdır?
- Kişi ailədə hər şeyə öz dəyərini verməlidir. Mən öz həyat yoldaşımı nişan günü görmüşəm.
- Sizcə, bu doğrudur?
- Mən öz xarakterimi erkən yaşlardan bilirəm. Məndə konkret insana yox, insaniyyətə sevgi var. Ona görə də, kiminlə evlənsəm, onu sevəcəyimi bilirdim.
- Azərbaycanda aktyora verilən dəyərdən razısız?
- Mənə verilən təqaüd dərmanlarıma çatmır. 50 ildən artıq teatrda işləmişəm. Millətimin qarşısında mənim günahım nədir? Niyə notu bilməyən müğənni Xalq artisti olur, amma mən belə qalıram? Baş əymirəm, ona görə?
- Yaşlı nəsil, adətən, gəncləri tənqid edir, bəyənmir. Siz gənclər barədə nə düşünürsüz?
- Gənclər çox savadsızdır. Əllərindən telefon düşmür. Savadsız da olmalıdır.
- Niyə?
- Orta məktəbdə oxuyanda mənə desəydilər ki, müəllimə pul ver, səni öyrətsin, gülərdim. Deyərdim, başınız xarabdır, müəllimə necə pul verə bilərəm? Amma indi repetitor yanına gedir hamısı. Ona görə də, savadsızlıq baş alıb gedir. Televiziyalarda da belədir. Bayaq dediyim kimi, hava məlumatı verir, açıq-saçıq geyinib çıxır. Bu normal geyinib çıxa bilmir? Uşaqlar bundan nə götürsün? Ona görə də, Hüseyn Cavid yazmışdı:"Dərdə bax, millətə bax, niyyətə baxÖlülərdən ölülər feyz alacaq..."