Saqqal saxlamaq geridə qalmışlıq və natəmizlikdir - İlahiyyatçıdan qalmaqallı açıqlama
İlahiyyatçı Tural İrfan: “Məhəmməd Peyğəmbər (s.a.v.) müsəlmanlara buyurub ki, öz dövrünüzə, adətinizə, ürfünüzə uyğun yaşayın. Bu meyarla da indiki dövrdə saqqal saxlamaq uyğun görülmür. Ələlxüsus da ki, uzun, salxımlı, nizama salınmamış saqqal saxlamaq daş dövrünün ənənəsinə uyğundur. Din təmizliyi, paklığı əmr edir. Təbiblərin rəyinə görə, saqqal tükündə çoxsaylı mikrob və bakteriyalar cəmləşir, ətrafa yayılır. Bir hədisdə təmizliyin dinin yarısı olduğu buyurulur. Bu nəzərdən baxsaq, nəinki saqqal saxlamaq, əksinə, saqqalı qırxmaq zəruri sayıla bilər. Son zamanlar bəzi gənclər də saqqala meyl edir. Çoxu da dəb üçün saxlayır. Bu qətiyyən doğru deyil. Dinlə saqqalın heç bir əlaqəsi yoxdur. Din saqqal kimi bəsit mövzular üzərində bərqərar deyil. Dinin mahiyyətini saqqal səviyyəsinə endirənlər dinə ən böyük hörmətsizlik edənlərdir. Saqqal hər bir halda insanın səliqəsinə, imicinə geridəqalmışlıq qatır, orta əsrləri xatırladır. Əsl insan, əsl mömin, nümunəvi bəndə olmaq üçün əsla saqqala ehtiyac yoxdur. Marksın da saqqalı olub, amma ateist idi. Din tüklə, qılla yox, elmlə, ağılla ölçülür”. / Pravda.az