Rövşanənin verilişini İlkin Əhmədov bağlatdırıb? - Yəqin yeni bir iş tapar

Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının bağlanan qalmaqallı "Space səhər” verilişindən danışıb.

Xanəndə Qaynarinfo-ya açıqlamasında aparıcının verilişinin bağlanmasına təəssüf etdiyini bildirib:

"Aramızda qanqaraçılıq, narazıçılıq olmuşdu. Mən istəmərəm ki, kimsə çörəyindən olsun, işsiz qalsın. Yəqin yeni bir iş tapar”.

Qeyd edək ki, aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri ilə vidalaşıb. Onun "Space səhər" proqramının yayımı dayandırılıb.

Bir müddət öncə xanəndə İlkin Əhmədov ilə aparıcı Rövşanənin arasında mübahisə yaranmışdı. Əməkdar artist İlkin Əhmədov qonaq olduğu canlı yayıma 2 saat gecikdiyindən aparıcı Rövşanə Ağasəfqızı onu efirə buraxmamışdı:

"Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin ki, gələ bilmirəm, zamanım yoxdur. Efirə çıxmaq istəyən nə qədər müğənni var. Gələcəkdilər, canla-başla əyləşəcəkdilər. Haradasan? Bu qədər tıxac olur? Hörmətsizlikdir bu? O zaman bizdən də gözlə. Nə haqla efirimizi boş qoyursan? Biz sənə bu haqqı verməmişik. Dünəndən deyərdin ki, yatıb qalacağam, yeyib qalacağam, gəlmək imkanım yoxdur. Əməkdar artistsən, bu xalqın, ölkənin təmsilçisisən. Xaricdə ölkəni təmsil edirsən. Bu gün səni hörmətli bilib, efirə dəvət etmişik. Sən bizim efirə problem yaradırsan. Xalqa və efirə qarşı hörmətsizlik edirsən. Gəlsən belə, efirə çıxmağına ehtiyac yoxdur”, - deyə bildirmişdi.

Əməkdar artist İlkin Əhmədov isə saytımıza açıqlamasında aparıcı Rövşanə Ağasəfqızının bu hərəkətini hörmətsizlik adlandırıb:

"Belə aparıcılar azdır, amma onlar bilsinlər ki, nə vaxtsa efirdən rədd ediləcəklər. Onlar bilsinlər ki, xalqın əsəbi, hissi ilə oynamaq olmaz”.