Rəşad Dağlının son halı: Arıqlayıb saçları ağarıb əvvəlkindən əsər-əlamət qalmayıb

Bu günlərdə 11-ci “kolon”da cəza çəkən bir dostumu ziyarət etməyə getmişdim.
Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ - meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi.
Artıq iki ildir ki, buranın sakinidir o da. Səbəbi də hamıya məlumdur - meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə zindandadır. Ona 9 il 6 ay həbs cəzası kəsilib. Bir vaxtlar “40 yaşımda sənətdən gedəcəyəm” deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi, bəlkə də, heç ağlının ucundan keçməmişdi.
Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi... Əvvəlkindən bir az da çox.
- Şair, Allah qapını açsın!
- Çox sağ olun, Allah köməyiniz olsun!
Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı.
Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş.
Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək… / Oxu24.az