Vəkilindən Rəqsanədən şikayətçi olan Gündüz Məmmədov barədə şok açıqlama - Video

20 Avqust 2025
68a5e5edddbed202508251245
18727

"Mən video materiala baxmışam və məlumat verim ki, həmin şəxs iş üzrə zərərçəkmiş qismində tanınmayıb."

 

Bu sözləri Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev APA-ya açıqlamasında bildirib.

 

"Həmin şəxs iş üzrə zərərçəkən qismində tanınmayıb: Bildiyim qədəri ilə adı iş üzrə şahid qismində keçir. Hərbir halda videoda səslənən məqamları Rəqsanə xanım qəbul etmir və həqiqətə uyğun hesab etmir. Hazırda istintaq davam etdiyindən hadisənin detalları barədə açıqlama vermək istəmirəm, çünki bu, istintaq sirrinin pozulmasına səbəb ola bilər. Əminəm ki, istintaqın gedişi nəticəsində bütün məsələlər tam şəkildə aydınlaşdırılacaq və yekunda ədalətli qərar qəbul ediləcək.”

 

Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

 

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

***

Bir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılovanın dələduzluq faktına görə həbs edilməsi barədə xəbər vermişdik.

Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov video müraciət yayıb.

Lent.az-a daxil olan video müraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdığından danışıb:

"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamlar vasitəsi ilə qayınatamın problemini həll edəcəklər. Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".