“Qadın milyon qazansa da, kişinin pulu daha bərəkətlidir”

14 İyun 2024
66673b89811e8202406244441
723

"Qadın milyon qazansa da, kişinin pulu daha bərəkətlidir""Bəzən efirə çıxan hər ekspertin, şou-biznes nümayəndəsinin dediyi sözlər sanki aforizmə çevrilir. Hər kəs onun ətəyindən yapışır və öz həyat tarixçəsində ona uyğun bənzərliklər axtarır..." 

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Aytən Ələkbərova deyib. Ailədə qadının kişidən daha çox pul qazanması məsələsindən danışan ekspert sağlam ailə üçün tərəflərin qazancının heç bir önəmi olmadığını bildirib:

"Bu bənzərliyin içərisində bəzən başqasının həyat yoldaşı özününkündən çox pul gətirirsə, bir növ sayğısız duruma düşür. Təbii ki, bunu hər ailəyə şamil etmək olmaz. Ailənin əsas büdcəsinin təməli bəy tərəfindən qoyulur. Xanım milyon qazansa da, ailədə kişinin gətirdiyi ruzinin bərəkəti daha çox olur. Çox zaman baxırıq ki, ailədəki ilk söz-söhbət məhz pula görə yaranır. Bəzən qadın deyir ki, "Öz pulumdur, özüm bilərəm kimə, hara və necə xərcləyirəm". İlk yaranan xırda söz-söhbət məhz bundan başlayır. Ailədə yaranan bu xaos get-gedə böyüməyə başlayır. Kişi özünü qadın tərəfindən əzilmiş hiss edir, düşünür ki, mən necə kişiyəm? 

Elə kişi var ki, həqiqətən xanımından az qazanır, amma sözünün kəsəri var. Son günlər qarşımıza çıxan "aforizmlər" var: Kişinin pulu olmazsa, sayılmaz,  hörməti olmaz və s. Bunu hər kəsə şamil etmək olmaz.

Bu gün xanımlara iş mövzusunda xeyli qapılar açılır, onda bu o deməkdir ki, Azərbaycan kişiləri get-gedə xətirsiz, hörmətsiz olacaq? Əsla! Hər şey ailə tərbiyəsindən irəli gəlir". 

O, ötən gün efirdə "Mənim sevəcəyim kişi gərək milyoner olsun" sözlərini səsləndirən müğənni Roza Zərgərlinin fikirlərinə də münasibət bildirib: "Kişi az qazanırsa, ona ərə getmərəm" kimi ifadələr gələcək nəslə heç də yaxşı örnək deyil. Çünki bu günün tələbəsi sabahın işgüzar gəncidir. İnsanın arzuları olmalıdır. əgər hər şeyi rahatlıqla, birdən-birə əldə etsək, həyat maraqsız, mənasız olar. Biz artıq puldan zərərli vərdişlərə üz tutan şəxsləri görmüşük. Bəzən bu cür düşüncələr cəmiyyətin beyninin zəhərlənməsinə gətirib çıxarır. Roza xanıma dərin hörmətim var, amma bu, onun şəxsi fikridir və o bu sözü bu yaşında deyir. Roza Zərgərli bu yaşına qədər əziyyəti və zəhməti ilə pul qazanıb. Amma 24-25 yaşlı gənc qızların beynini bu fikirlə formalaşdırmaq onları zəhərləməkdir".