“Ola bilsin ki, Zaurun da, Xoşqədəmin də verilişi bağlansın” - ŞOK

25 Fevral 2024
65da4c5d66a8c202402240653
713

“Son zamanlar demək olar ki, hər kəs televiziyaların üstünə düşür. Bu mövzu tükənmir. Televiziyalar müxtəlifdir, kimsə istəmirsə, kanalı dəyişə bilər. Efirlərdə mübahisənin düşməsinə, səs-küyün yaranmasına səbəb həqiqətən aparıcılar deyil. Bəzən efirdə dava düşür və bu aparıcının istəyi ilə baş vermir. Bu hadisə təkcə Azərbaycanda deyil. Necə ola bilər ki, insanlar oturub Türkiyənin, Rusiyanın 18+ verilişlərinə baxırlar, amma bizdə mübahisə olanda buna etiraz edirlər ki, bu, efir etikasına yaraşmır?” 

Bu sözləri Yenisabah.az-a tanınmış teleaparıcı Amil Xəlil deyib. Son vaxtlar həmkarlarının verilişlərinin tənqid hədəfinə çevrilməsinə etiraz edən aparıcı bunun ədalətsiz yanaşma olduğunu qeyd edib: 

“O gün Rusiyanın birinci telekanalında verilişə gələn oğlanı atasına təhvil verdilər. Oğlan cinsiyyətini dəyişmişdi. Buna ölkəmizdə də baxılır. 

Bu sadəcə televiziya aparıcılarına qarşı bir kampaniyadır. Sifarişin də haradan gəldiyini bilirik. Bəzi müğənnilər var ki, öz keçmişlərindəki biabırçılıqlarla, utanc verici hadisələrlə məşhur olublar, onlar gəlib efirdə insanları qınayırlar. Çıxıb başqa kanallarda deyirlər ki, sosial verilişləri bağlamaq lazımdır. Mən Zaur Baxşəliyevin də, Xoşqədəm xanımın da, öz adımdan da deyirəm, biz oğul axtarırıq gəlsin desin ki, mən sizə aylıq 50 min manat verəcəm, sizə müraciət edənlərə versin, vəkil tutmağın pulunu da verirəm və verilişi bağlayın, sosial veriliş yayımlanmasın. Belə adam varmı?! Hamı yalandan yazmaqla, klaviaturanın arxasından kişiləşməklə məşğuldur.

Bəzən olur ki, məni haqsız yerə, yalandan sərt tənqid edirlər, onları İP adresinə kimi tapıram və biabır edirəm. İldə-ayda bir dəfə belə də olur”. 

A.Xəlil sosial verilişlərin təkcə Azərbaycanda yayımlanmadığını bildirərək dünya təcrübəsində də bu tip layihələrin çoxluq təşkil etdiyini vurğulayıb:

“Yenə deyirəm, bu cür verilişlər tək Azərbaycanda deyil. Yetər artıq! Bir şey olan kimi telekanalların, aparıcılar üstünə bu qədər gəlmək olmaz!

Mən günahı tamaşaçılarda görmürəm, günah vaxtilə Azərbaycanda Türkiyənin, Rusiyanın telekanallarını pulsuz yayımlayan şəxsdədir! İndi ölkədən də çıxıb gedib. 

Mənim verilişimdə də davalar düşüb, mübahisələr edilib, amma həmin an onları kənara çəkmişəm. Buna efirdən baxanlar da şahidlik edir. Həmin kadrların heç sosial şəbəkələrdə yayımlanmasına da icazə vermirəm. Bu hadisələr realdır. 

Bu yaxınlarda saçı-başı ağarmış bir yazıçı çıxıb həmkarım Zaur Baxşəliyev haqda açıqlama verib, heç xoş olmayan ifadələr işlədib. Ağsaqqal çağında indidən özünə rəhmət oxutmaqdansa, bu cür açıqlamalar vermək, telekanalları aşağılamaq nəyə lazımdır? 

Ola bilər ki, bəziləri arzularına çatsın, Zaurun da, Xoşqədəm Hidayətqızının da verilişi bağlansın. 5-10 ildən sonra bu tip verilişlər guya olmayacaq? Kim zəmanət verir ki, bu verilişlər bağlananda Vəfa 3 uşağını atıb kənddən Bakıya qaçmayacaq?! 

Getsinlər ölkədə yayımlanan xarici telekenalların yayımını dayandırsınlar, ondan sonra görsünlər ki, ölkədə yerli kanallar necə inkişaf edir və onların istədiklərini deyir. 

Dövlət kanallarından birində bu yaxınlarda müzakirə gedirdi, aparıcı deyirdi ki, bizim hazırladığımız layihə reytinq vermir, çünki insanlar özəl telekanallarda yayımlanan verilişlərə baxırlar, o verilişlərin əlindən biz reytinq vermirik. İndi də bu cür təbliğata keçməyə başlayıblar. Bu isə yanlışdır”.