Nikahsız ailə quran, 2 dəfə ölüm xəbəri yayılan bəxtsiz bəxtəvər - Vəfa Şərifova əslində kimdir?
Lent.az “Bioqrafiya” rubrikasında son zamanlar Azərbaycan toylarının kraliçasına çevrilmiş müğənni Vəfa Şərifova haqqında məlumat verir.
- Vəfa Şərifova nə zaman və harada anadan olub?
Vəfa Şərifova 4 yanvar 1990-cı ildə Ağsuda anadan olub.
- Vəfa Şərifova kimin ailəsində böyüyüb?
1 yaşı olanda anasını itirib. Anası hamilə ikən bətnindəki övlad ölüb və ana zəhərlənmə nəticəsində həyatını itirib. Ailədə 3 uşaq olublar və onları nənə və babası böyüdüb. Vəfa atasını görməyib. O, 11-ci sinfi bitirdikdən sonra Bakıya köçüblər. Vəfa atasının onları uşaqlıqdan atdığını bildirib: "Anam rəhmətə gedəndən sonra atam evlənib. Bacım və qardaşıma atam, mənə nənəm baxıb. Ögey anam bacı və qardaşıma da baxmadığı üçün nənəm gətirib. O vaxtdan mənə dedilər ki, atan rəhmətə gedib. Mən də demişəm, Allah rəhmət eləsin. Bağışlaya bilmirəm. Mənim üçün bacım, qardaşım, ailəmdir əsas. Onlar bacıma, qardaşıma elə zülm veriblər ki... Heç vaxt atamı görməmişəm, şəklini də görməmişəm".
- Vəfa Şərifovanın sənətdə ilk dəstəyi kim olub?
Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub. Tenor İntiqam Kərimovdan da dərs alıb. Hazırda küsülü olduğu müğənni Şəbnəm Tovuzlu isə iddia edir ki, ona toylarda oxumağı o öyrədib.
- Vəfa Şərifova kimlərlə duet oxuyub?
İntiqam Kərimov, Serdar Ortac, Nəfəs, Aqşin Fatehlə uğurlu duetləri var.
- Vəfa Şərifovanın haqqında iki dəfə ölüm xəbəri yayılıb. O xəstədir?
"Artıq ikinci dəfədir ki, müəyyən problemlər baş verir. Birinci dəfə elə düşündüm ki, arıqlamaq üçün istifadə etdiyim dərmanlar təsir edib. Amma artıq uzun müddətdir ki, həmin dərmanlardan istifadə etmirəm və yenidən bu problemi yaşadım. Əsas odur ki, indi yaxşıyam. Mənim ölüm xəbərini yayanlara isə demək istərdim ki, ölməmişəm, sağam. Şükür ki, hər şey qaydasındadır. O qədər öldüyüm barədə xəbərlər yayırsınız ki, axırda, həqiqətən, öləndə buna heç kim inanmayacaq" - bu sözləri müğənni Vəfa Şərifova barəsində yayılan "öldü" xəbərinə münasibət bildirərkən deyib.
- Vəfa Şərifova niyə Allaha üsyan edib?
"Anasız böyüdüyüm üçün "Niyə mənim anam yoxdur?" deyib:“Allaha üsyan etdiyim vaxtlar olub. Amma indi fikirləşirəm ki, anam olsaydı, bu gün onu itirmək qorxusu ilə yaşamaqdansa, bu hissi yaşamamaq daha yaxşıdır. Bəzən anasız böyüyən insan ana qayğısı və nəvazişi görməyəndə o hissləri öz övladına göstərə bilmir. Ən çox qorxduğum məsələ də bu idi. Hər iki övladım yenicə dünyaya gələndə beş-altı ay onlara qarşı heç nə hiss etmirdim. Zamanla hər şey dəyişir. Vaxtımın çox hissəsini övladlarımla keçirirəm. Sevgimi onlara ifrat şəkildə göstərirəm".
- Vəfa Şərifova toylara neçəyə gedir?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən olan Vəfa Şərifovanın qonorarı 3-6 min manat arasında dəyişir.
- Vəfa Şərifova ailəlidir?
O, rəsmi nikah olmadan bir nəfərlə ailəlidir. Bu münasibətdən iki övladı dünyaya gəlib.
- Vəfa Şərifovanın vətəndaş nikahında olduğu əri kimdir?
Vəfa Şərifova iş adamı Famil Xəlilovun xanımıdır.
- Vəfa Şərifovanın Famil Xəlilovdan ayrılması xəbəri yalandır?
"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı... Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu" o, bu formada deyərək açıqlama versə də bir neçə gün sonra barışıblar.Əri barışmaq üçün ona Ağ şəhərdən ev alıb.
“Həyat yoldaşımla ayrılmışam” açıqlamasını geri götürürəm, yoldaşımla barışmışam. Mən sevgiyə möhtac insanam.
Sevilmədiyim yerdə heç zaman qalmıram. Həyat yoldaşımdan o soyuqluğu hiss etdim və kənara çəkildim. Düşündüm ki, getmək istəyir, dedim ki, yolun açıq olsun. Amma əslində, getmək istəyən yox imiş, hər şey yaxşı imiş. Mən hər zaman geri addım atıram. Əslində, bu bir tərəfdən zəiflik əlamətidir. Üzləşə bilmirsən... Sevgisizlik elə bir duyğudur ki... Qadın sevgisizliyi hiss edəndə hər gün ölür. Fikirləşdim ki, bir dəfə ölüm...Həyat yoldaşımla küsəndə o barışmaq üçün hər zaman hansısa hədiyyəni mənə bağışlayıb, sonra barışmışam. Amma bu dəfə ən böyük hədiyyəsi sevgi ilə mənə dönməyi oldu”,- deyə o bildirib.
- Vəfa Şərifovanın əri Şəbnəm Tovuzlunun keçmiş əridir?
Vəfanın dediyinə görə, ərinin Şəbnəmlə münasibəti olub. Şəbnəm isə bunu inkar edib.
“Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursunuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub”.Şərifovanın qalmaqallı açıqlamasından sonra Şəbnəm də mətbuata video açıqlama yayaraq məsələyə münasibət bildirib.Müğənni Vəfanın keçmişini xatırladaraq ona susmağı məsləhət görüb: “Mənim o şəxslər arasında adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama yayır ki, mənim qız övladım, ailəm var, buna görə onu toylara çağırırlar. Biz də ailəliyik, övladımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Kim olduğunu hər kəs gözəl bilir”.
- Vəfa Şərifova populyarlaşmaq üçün reklamına nə qədər pul xərcləyib?
Vəfa Şərifova şou-biznes aləmində gündəmə gəlməsi üçün ona yazılan mahnılar, çəkilən kliplərə pullar xərcləndiyini etiraf edib.Sənətçi məbləğ açıqlamasa da, reklamı üçün xeyli məbləğ xərcləndiyini bildirib:“Mən real adamam, durub yalandan deyə bilmərəm ki, ay mənim istedadım var, buna görə tanındım, yox, müəyyən pullar xərclənib. Pulları özüm xərcləmədim, bilirsiz xərcləyən kimdir. Məbləğ açıqlamayacağam, amma az da xərclənməyib”.
Vəfa həmin pulların havaya sovrulmadığını və hazırda onun xeyrini gördüyünü də bildirib.
- Vəfa Şərifova plastik əməliyyat etdirib?
Vəfa Şərifova dəfələrlə estetik əməliyyat etdirərək, özünü başdan yaradıb desək, yalan olmaz.