"Məşuqələrimizə qiymətli zinət əşyaları alırıq, amma müəllimə adi bir gül dəstəsini də çox görürük"

01 Mart 2024
65e0cef4da5d3202402243740
203

Bildiyimiz kimi, hər il müxtəlif bayramlar ərəfəsində orta məktəblərdə pul yığılmağa başlayır. Artıq qarşıdan gələn 8 Mart Qadınlar Günü münasibətilə indidən pul yığılmağa başlanıb.

Uzun illərdir ki, məktəblərdə pul yığımı məsələsi müzakirə olunsa da, təhsil naziri və ya təhsil idarələri tərəfindən müəllimlərə xəbərdarlıq olunsa da, pul və hədiyyə almaq ənənəsi davam edir.

Bəs, pul yığılması, hədiyyə alınması məsələsində günah valideyndədir, yoxsa məktəb və ya müəllimdə? Bu kimi halların qarşısını almaq üçün hansı addımları atmalıyıq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov dedi ki, müəllimə hədiyyə bağışlamaq ayrı şeydir, müəllimə hədiyyə almaq üçün pul yığmaq tamam başqa şeydir:

"Elə bir il olmur ki, hər 8 Mart ərəfəsində məktəblərdə valideynlər tərəfindən müəllimlərə hədiyyə almaq üçün pul yığılması, bu kimi halların baş verməsində məktəbin, müəllimin və ya valideynin günahkar olması məsələsi gündəmə gətirilməsin və geniş müzakirələrə səbəb olmasın. Artıq, istəsək də, istəməsək də bu bayram qanmıza, genimizə keçib. Hər kəs fürsət bilib, anasını, bacısını, qızını, həyat yoldaşını təbrik etmək üçün bu günü səbirsizlilə gözləyir. Sevdiklərimizə, sevgililərimizə, məşuqələrimizə belə qiymətli zinət əşyaları alırıq, ömrünü sağlamlığı hesabına balalarımızın təlim-tərbiyəsi yolunda xərcləyən müəllimə adi bir gül dəstəsini də çox görürük. Roza Lüksemburq və Klara Setkin yox, heç başqa kimin ağlına gələrdi ki, hansısa məktəbdə 8 Mart Qadınlar Gününə neçə manatdansa pul yığılması təklifi "votsap qrupu"nda valideynlərlə müzakirəyə çıxarılacaq. Bunun səs yazısı isə kimlərsə tərəfindən sosial şəbəkələrdə paylaşılacaq və bu ətrafda tərəfdarlar və əleyhdarlar arasında qızğın dedi-qodular başlanacaq, müəllim nüfuzu aşağılanaraq, alçaldılacaq və belə çıxacaq ki, sanki, bu bayram elə qadın müəllimlər üçün nəzərdə tutulubmuş və digər sahələrdə çalışan qadınlara heç aidiyyəti yoxmuş. Mən heç də müəllimə hədiyyə verilməsini təqdir və təbliğ etmirəm. Deməyim odur ki, müəllimə hədiyyə bağışlamaq ayrı şeydir, müəllimə hədiyyə almaq üçün pul yığmaq tamam başqa şey. Gəlin, heç olmasa ildə bir dəfə də olsa belə, 8 Martda qadın müəllimə müəllim kimi yox, qadın kimi baxaq. Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə qadın müəllimdir. Niyə bir günlük də olsa, onu bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik".

Ekspert vurğuladı ki, istənilən halda və istənilən məqsədlə məcburi pul yığlması birmənalı şəkildə yolverilməzdir:

"Lakin hardasa, kimlər tərəfindənsə bu kimi halların baş verməsi, qabardılaraq ictimailəşdirilməsi və tirajlanması nəinki, məktəb üçün, heç cəmiyyət üçün də başucalığı deyil, onsuz da zədələnmiş müəllim nüfuzuna daha bir sarsıdıcı və zədələyici zərbədir. Bir də ki, elm və təhsil naziri Emin Əmrullayev də bu kimi məsələlərə, o cümlədən də orta məktəblərdə qeyri-rəsmi ödənişlərin yığılmasına dəfələrlə münasibət bildirib. O, növbəti brifinqlərin birində məktəblərdəki valideyn komitəsinin fəaliyyətinə də toxunuraq deyib ki, "dünya təcrübəsində də belə komitələr var. Valideyn komitəsi tərəfindən pul yığılması hallarını bütün məktəblərə aid etmək olmaz. Valideyn-müəllim komitəsi məktəbə, uşaqlara yardım edirsə, burda mənfi hal görmürəm. Normal hesab edirəm. Yox, əgər hansısa ad günlərinə pul yığılması ilə bağlı narazılıq olsa, şikayət ediləcəyi təqdirdə buna baxıla bilər. 8 Mart ərəfəsində müraciət etdim ki, valideynlər müəllimlərə pul, hədiyyə verməsin, lakin valideynlər yenə bunu etdilər. Hesab edirəm ki, valideynlərdə davranış mədəniyyəti hələ də tam formalaşmayıb. Nazirlik 3 milyon insana nəzarət edə bilməz. Müəllimə diqqət göstərmək ayıb deyil, amma yalnız açıqça, gül vermək olar". Məsələnin mahiyyəti, təkcə hədiyyədə və onun dəyərindədirmi, yoxsa günahkar qismində müəllim və ya valideynin ittiham edilməsindəmi? Hədiyyə əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdalığın təzahürüdür".

Nadir İsrafilovun sözlərinə görə, qınağa səbəb olan hal isə hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi və ictimailəşdirilməsidir ki, bu da yolverilməzdir.

"Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb, şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleyhdarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır. Belə bir müdrik deyim var: hədiyyəni layiq olunan adam qazanar. Ən gözəl və arzu olunan hədiyyə hədiyyə verənin adsız qalmasıdır. O da təkzibolunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri "Təhsil haqqında" qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Müəllimin üstünə bu dərəcədə getmək olmaz. Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Müəllimi rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, işdən kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək olmaz. Bir para müəllim fərdinin əməlinin bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi yolverilməzdir. Gəldiyim qənaət ondan ibarətdir ki, müəllim şəxsiyyətinə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var. Bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə heç şəxsiyyətimizə də baş ucalığı gətirmir. Bir mühüm məqamı da unutmayaq ki, biz nə qədər bu məsələnin üstünə getsək, bu kimi hallar bir o qədər artacaq", - deyə ekspert bildirdi.