Məşhurlardan Gülnar Orucovaya SƏRT TƏPKİ: "Tez ərə getmək istəyənə də vedrə bağlayırlar"

27 İyul 2023
64c1fa3ad17f7202307230146
252

Psixoloq Gülnar Orucova  zərif cinsin nümayəndələri haqqında dediyi “Bir qadın evlənməyəcəyini bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir” fikirləri sosial mediada sərt təpkilərə səbəb olub.

Referans.az  xəbər verir ki, tanınmışlar onun bu fikirlərini paylaşaraq ona kəskin cavab veriblər.

İctimai televiziyanın xəbərlər departamentinin tanınmış aparıcısı Nərmin Salmanova hesab edir ki, psixoloqun dediyi sözlər ailə qurmayan qadınların ünvanına deyilmiş böyük bir təhqirdir:

"Sən konkret kiminsə bostanına daş atırsansa, təhqir edirsənsə, özündə cəsarət tap və tək ona aid elə. Bu cəmiyyət onsuz da tez ərə getmək istəyənə də vedrə bağlayır, getmək istəməyənə də. Sən necə psixoloqsan ki, belə fikirlərinlə onsuz da başqasının həyatına burnunu soxmağa alışan toplumu bir az da cuşa gətirirsən? Sənin özünə müalicə lazımdır. Kiminsə ailə qurmaq istəməməsini müzakirəyə çıxarmaq, bunu ümumiləşdirib, bu fikirdə olan bütün qadınlara damğa vurmaq ən böyük “yüngüllük”dür. Gülnar Orucova adlı bu “psixoloq” elə bilir ki, hər kəs eyni arzuda, istəkdə olmalıdır. Hələ fikirləşir ki, evlənən qadınların hamısı namuslu ailə həyatı yaşayır.

İTV-nin digər siması Fəridə Abdulla da məsələyə laqeyd qala bilməyib. O, bildirib ki, bu ifadələr açıq-aydın psixoloqun qeyri-peşəkarlığını göstərir: "Nə düşündüyünü aşkar, səmimi şəkildə bildirməsi çox əladır. Ümid edirəm digərləri də özünü bu cür ifşa edər. Oxuyuruq, tanıyırıq və paylaşırıq ki, insanlar da bilib belə “psixoloq”un yanına getmir. Adı isə xanımın Gülnar Orucovadır".

Məlumat üçün bildirək ki, psixoloq bu sözləri aktrisa Pərvin Abıyevanın verilişlərin birində ailə qurmaq istəməməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Aktrisanın "Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm" sözlərinə Gülnar Orucova belə münasibət bildirib: "Bir qadın milyonların qarşısında dönə-dönə evləndiyini və subay qalacağını bildirib, bu onun yüngül həyat tərzinə marağını göstərir. Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan vaz keçən birisinə heç nə ilə haqq qazandırmaq olmaz".

(publika)