Maksimum nəticə göstərən Zərifə yüksək bal toplamasının sirrini açdı - FOTO
Xəbər verdiyimiz kimi, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanından 14 nəfəri 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlardan biri də Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Zərifə İlyasovadır.
O, təəssüratlarını bölüşüb.
Zərifə xəbəri məşğələdə olarkən öyrənib:
“Bu xəbəri eşidən vaxt Riyaziyyat fənnindən məşğələdə idim. Eşidər- eşitməz müəlliməyə dedim və mesajı onun açmasını istədim. Çünki o qədər həyəcanlı idim ki, xəbərə baxa bilmirdim. Daha sonra nəticəmi görən kimi ağlamağa başladım. Sevincim həddi- hüdudu yox idi. Mənə bir an həyəcan, əl titrəməsi və kövrəlmək gəldi. Bu xəbəri daha sonra müəllimlərimlə və sinifyoldaşlarımla paylaşdım. 300 bal toplayacağımdan əmin idim. Çünki sınaqlarda hər dəfəsində yüksək nəticə göstərmişəm.
Mən istirahətimə də düzgün şəkildə vaxt ayırırdım. Bəziləri düşünür ki, boş vaxtlarında telefonla məşğul olmaq daha yaxşıdır, lakin belə deyil. Mənim bu günə qədər nə telefonum olub nə də ki, sosial şəbəkədən istifadə etməmişəm. Telefondan bacardığım qədər uzaq durmağa çalışmışam. Boş vaxtlarımda yatıb dincəlirdim. Gün ərzində 1-2 saatda olsa yatıb istirahət edirdim. Hazırda blok məşğələlərinə gedirəm.
1-ci ixtisas qrupu üzrə hazırlaşıram və ADA Universitetinin Data analitikası ixtisasına qəbul olmaq istəyirəm. Universitetə qəbul olduqdan sonra ingilis dilini mükəmməl bilmək hədəfimdir. 2-3- cu kurslarda 1 semestrlik xaricdə təhsil almaq barəsində fikirləşirəm. ADA Universiteti bir neçə ölkələrlə əməkdaşlıq edir və onlardan birində təhsilimi davam etdirməyi planşlaşdırıram”.
Həmsöhbətimiz ən böyük dəstəkçisinin anası olduğunu qeyd edib:
“Mənə bu yolda ən çox dəstək, stimul verən anam olub. Çünki dəfələrlə olub ki, test tapşırıqlarını yaza bilmədiyim vaxtlarda ağlamışam. Yəni o dərəcə kövrək biriyəm. Hər dəfəsində belə vəziyyətimdə anam yanımda olub və mənə dəstək verib. “Narahat olma düzələcək” deyə mənə motivasiyalar edib”.
Z.İlyasova şagirdlərə heç zaman ruhdan düşməməyi vurğulayıb:
“Şagirdlərə tövsiyəm odur ki, heç zaman ruhdan düşməsinlər. Bunu özümdən daha yaxşı bilirəm. Bayaqda qeyd etdiyim kimi, istirahətlərinə də vaxt ayırsınlar. Mən məsələn boş vaxtlarımda piano çalırdım və bu məni rahatlamağıma səbəb olurdu”. AzEdu.az