Məni azərbaycanlıya bənzətmirlər, elə bilirlər ki, mən metisəm- Afaq Aslan
- Bu sahə belədir ki, bir insanın uğuruna heç kim sevinmir. Mən müsabiqədə olan ərəfədə Rövşanə Bektaşinin təqdimatında yayımlanan “Səhər-səhər” verilişində mənim açıq-saçıq geyimlərim müzakirə olunub. O verilişə internetdə baxdım, gülməyim gəldi. Mən Rövşanə xanımı savadlı jurnalist kimi tanıyıram, lakin onun qeyri-peşəkar veriliş aparmağı mənə çatmadı. O dəqiqə bilinir ki, veriliş hansısa maraqlar üzərində qurulub. Aparıcı orada belə bir söz işlədir: “Mən Afaq Aslanı tanımıram”. Onun bu sözləri gülünc səslənir. Məni tanımırsan, amma verilişində müzakirə edirsən. Sonra verilişdə belə bir sual verir: “Afaq modeldir, yoxsa müğənni?” Ən azından intellektual səviyyəsi olan aparıcı verilişində müzakirə etdiyi insan barədə məlumatlı olmalıdır. Mən sənətə Kamal (Kəmaləddin Heydərov) müəllimin bəstəsi ilə gəlmişəm. Bilirsiniz ki, o, hər adama mahnı vermir.
Verilişdə Əməkdar artist Lalə Məmmədovanın haqqımda danışması mənə qəribə gəldi. Təsəvvür edin ki, 15-20 il ömrünü bu sənətə həsr edən və Əməkdar artist adı alan müğənni 3-5 il səhnədə olan ifaçıya söz atmaqla gündəmə gəlir. Bu, acizlikdir. Mən 7 ildir bu sahədəyəm. Lalə Məmmədova “Məktəb illəri” mahnısını ifa edəndə, mən məktəbli idim, müğənni deyildim. Mənim yaşım qədər onun təcrübəsi var. Birdən-birə mənə sataşmağı gülüncdür, onun adına yaraşmır. Yalnız dar düşüncəli insan qarşısındakına geyiminə görə qiymət verə bilər. İnsanın əxlaqına geyiminə görə qiymət verilmir. Mənə söz atan insan, sən ailə qurmuşdun, iki övladın var idi. Onda mən də sənə sual verim ki, nümunəvi qadın ərindən boşanmaz, niyə boşandın?
Aparıcı mənim geyimlərimin açıq-saçıqlığından danışır. Buradan ona demək istəyirəm ki, mənim soyunmağım bir çoxlarının geyimindən qiymətlidir. Model və müğənnilik peşələri mənim hobbimdir. Model səhnədə kürk geyinib gəzməli deyil ki? O, bədəninin gözəlliyini nümayiş etdirməlidir. Mənə maraqlıdır ki, o savadlı jurnalistdirsə, bilmir ki, model necə geyinməlidir? Rövşanəyə sual lazımdır ki, sənin əmin Alim Səlimov 1983-cü ildə “Papaq” filmində yarıçılpaq vəziyyətdə dəmirçi obrazını yaradıb. O vaxt soyunmaq nədir, bilmirdilər. Sən niyə öz verilişində ailə üzvlərini müzakirə etmirsən, mənim geyimlərimdən danışırsan?
Öz həyatından bixəbər olan insanlar məni müzakirə edirlər. Qoy, mənim haqqımda elə adamlar fikir desinlər ki, onların cəmiyyətdə nüfuzu var.
- Sosial şəbəkələrdə bu cür şərhlərə rast gəlirik: “Afaq Aslanın gözəl bədən quruluşu var, lakin üz cizgiləri müsabiqəyə uyğun deyil” və s...
- Məni heç kim azərbaycanlıya bənzətmir. Elə bilirlər ki, metisəm. Bu barədə mənə müsabiqədə olanda da sual verdilər. Daha çox ərəb və İran qızlarına bənzədirlər.