Mehdiyev bu iki şəxsdən qorxurmuş - Şok açıqlama

Professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir. O həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır. Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar barədə Modern.az saytına müsahibəsinin bir hissəsini təqdim edirik: 

- Əvəz müəllim, hər yeni ilin əvvəli kommunal və ərzaq qiymətlərində dəyişikliklər müşahidə olunur. Bir iqtisadçı olaraq, bunun səbəblərini nədə görürüsünüz?

- Biz dünya iqtisadiyyatının bir hissəsiyik və hələ də xaricdən idxal olunan məhsulların həcmi böyükdür. Ölkədə süni qiymət artımı halları da çoxdur. Hökumət bu sahədə müəyyən tənzimləyici addımlar atır və elə edir ki, əhali bu prosesdə itirməsin. Gələn il infilyasiya 5 faiz civarında proqnozlaşdırılır, amma sosial xərclərin artımı 9 - 9,2 faiz nəzərdə tutulub. Xərclər daha çox artırsa, infilyasiya iki rəqəmli olar. Bu rəqəm nəzərə alınmalıdır. 

- 2026-ci il dövlət büdcəsi layihəsində neftin bir barrelinin ortalama qiyməti 65 dollardan götürülüb, bu da ötən illərə nisbətən aşağıdır. İddialara görə, gələn il neftin qiyməti xeyli azalacaq. Sizin proqnozunuz necədir?

- Bu rəqəmi müəyyən etmək mürəkkəb məsələdir. Tramp Amerikanın yeni prezidenti olanda elan etdi ki, neftin qiyməti 45 dollara qədər azalacaq. Amma nəticə etibarilə bu baş tutmadı. Neftin qiymətinin düşməsi bir sıra məsələlərdən aslıdır; müharibələrin bitməsi, Rusiya iqtisadiyyatına təzyiq, Çin və Hindistanın mövqeləri və ABŞ-ın dövlət siyasəti. Hökumət bütün bu məsələləri ölçüb-biçib, eləcə də BP şirkətinin proqnozlarını nəzərə alıb. Əlbəttə, 65 dollar bir az risklidir, amma əsas yaşayaq, görək. Bəlkə də, reallıq elə bu oldu. 

- Necə düşünürsünüz, yenidən manatın dollara nisbətdə dəyəri aşağı düşə bilərmi? Ümumiyyətlə, devalivasiyanın baş verməsi gözləniləndirmi?

- Mən bunun baş verəcəyini düşünmürəm. Ölkə iqtisadiyyatı yaxşı şaxələndirilib, ardıcıl tədbirlər həyata keçirilir. Valyuta ehtiyatları 83 milyard dolları keçib. Neftin qiyməti 40-45 dollardan aşağı düşərsə, əlbəttə, problemlər ola bilər.  

- İllərdir ki, vətəndaşlar arasında pensiya yaşı və məbləği ilə bağlı narazılıqlar var. Bu proses necə tənzimlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət xeyir götürə bilsin. Ümumiyyətlə, pensiyalar ölkə iqtisadiyyatına necə təsir edir?

- Hamı istəyir ki, yüksək pensiya alsın. Bu iqtisadi imkanlarla və çoxsaylı problemlərlə bağlıdır. Bu işlərlə əlaqədar çoxlu addımlar atılır. Gələn il pensiyaların 9,2 faiz artırılması üçün icmal büdcədən vəsait də ayrılıb. Bizim əhalimizin təxminən 14 faizi pensiyaçıdır. Pensiya yaşının artırılması orta ömür müddətindən və çoxsaylı sosial problemlərdən asılıdır. Belə addımın atıla biləcəyinə, sözün düzü, mən inanmıram. 

- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?

- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.

- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?

- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi. 

- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?

- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.

- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?

- Əlbəttə. Mütləq. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir. 

- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?

- İki dəfə aramızda ziddiyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil. 

- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?

- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan  icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.

-  Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?

- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətirmək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi.

- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?

- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.

- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?

- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.

- Digər oğlunuz nə işlə məşğuldur?

- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir. 

- Boş vaxtlarınızda nə edirsiniz?

- Bilyard oynayıram, dəniz kənarında gəzirəm. Rayonlara gedirəm. 3-cü, 5-ci və bazar günləri idmanla məşğul oluram. Musiqi dinləyirəm, mütaliə edirəm. İqtisadiyyat və maliyyə elmləri adamı zaman-zaman yorur. Ona görə bədii ədəbiyyata üstünlük verirəm. Çingizin Abdullayevin bütün əsərlərini oxumuşam. Gənc müəllifləri, təəssüf ki, o qədər də tanımıram.