Kişi arvadının yeznəsi ilə münasibətindən xəbər tutdu, sonra… – İmişlidə şok hadisə

14 Oktyabr 2024
6673eac972f99202406243937
205

İmişli rayonunda 1984-cü il təvəllüdlü Elmar arvadı Nailə və onun anası Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Elmar arvadı Nailənin ona xəyanət etməsindən şübhələnb.27 iyul 2021-ci ildə, saat 23 radələrində o, sərxoş vəziyyətdə bıçaq götürərək arvadının müvəqqəti yaşadığı evə gəlib. Mənzilin giriş qapısını döyüb və arvadından qapını açmağı tələb edib. Lakin həmin evdə yaşayan Bahar və Nailə bundan imtina ediblər. Elmar yumruq və təpik zərbələri ilə evin qapısının kilidini sındırıb.

İçəri keçib arvadı, qayınanası və evdə olan digər şəxslərə hücum edib. O, şillə ilə bir neçə dəfə Nailənin üz nahiyəsindən vurub, əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələyib.

Bundan başqa Elmar avqustun 7-də saat 23 radələrində küçədə arvadı ilə rastlaşıb, onu bel sapı ilə vurub. Ona mane olmaq istəyən Baharı isə taxta parçası ilə döyüb.

“Arvadımın barəsində yayılan söhbətlərdən bezdim”

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 134-ci (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 221.3-cü (silah qismində olan əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar elan olunmuş ittiham üzrə Cinayət Məcəlləsinin 134 və 157.1-ci maddələri ilə özünü təqsirli bilib, 221.3-cü maddə ilə təqsirli olmadığını deyib.

O bildirib ki, Nailə ilə 2018-ci ildə evlənib: “Birgə nikahdan Alim və Adif adında iki uşağımız olub. Nailənin yeznəmiz Əli ilə mənə xəyanət etməsi səbəbindən münasibətlərimiz pozuldu. 2021-ci ilin iyulunda faktiki surətdə ayrılaraq boşanma haqqında iddia qaldırdım.

Nailə ayrıldıqdan sonra anası Bahara məxsus olan evdə yaşamağa başladı. Orada yaşadığı müddətdə əxlaqsızlıqla məşğul olmaqda davam etdi. Nailənin hərəkətləri barəsində rayonda yayılan söhbətlərdən bezdiyim üçün tez-tez spritli içki qəbul etməyə başladım”.

“Öldürəcəyəmi dedim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 27-də saat 23.00-da təxminən 330 qram spirtli içki qəbul edib: “Sonra mətbəxdən bıçaq götürdüm, Nailəni qorxudaraq hərəkətlərindən daşındırmaq məqsədilə onun yaşadığı evə getdim. Qapını döyüb Nailədən qapını açmağı tələb etdim. Həmin vaxt Nailədən başqa onun anası Bahar, bacıları da evdə olub.

Səsimi eşidərək getməyimi tələb etdilər. Mən isə spirtli içkinin təsiri altında onları təhqir etdim, qapını açmalarını və açmayacaqları təqdirdə qapını qıracağımı bildirdim. Bir neçə dəfə yumruq və təpik zərbələri vuraraq qapının sındırdım. Sonra içəri daxil oldum. Mənzilə girdikdən sonra Nailənin saçından tutaraq onu yataq otağına apardım. Nəyə görə Əli ilə mənə xəyanət etdiyini soruşdum. Nailə məni sevmədiyini və Əli ilə yaşamaq istədiyini bildirdi. Söyərək şillə ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurdum.

Nailənin anası və bacıları məndən dəfələrlə mübahisəyə son qoymağımı tələb etsələr də, yaxına gələcəkləri halda ya özümü, ya da Nailəni öldürəcəyəmi dedim. Onları yaxın durmamaları üçün qorxutdum”.

“Özümə də xəsarət yetirdim”

Elmar bildirib ki, həmin vaxt Nailə otaqdan çıxaraq mənzilin giriş qapısına qaçıb: “Mən də arxasınca getdim. Pilləkənlər tərəfdə onun saçından tutdum, ucadan söyə-söyə mənzilə tərəf sürüməyə başladım. Lakin Nailə əlimdən çıxaraq qaçdı.

Bundan sonra otaqlardan birinə keçdim və əlimdəki bıçaqla bir neçə dəfə özümə xəsarət yetirdim. Lakin ciddi xəsarət almadım. Təxminən 10 dəqiqə keçəndən sonra mənzilə İmişli rayon polis şöbəsinin əməkdaşları gəldi və məni polis şöbəsinə apardılar”.

“Evə aparmaq istədim”

Elmar qeyd edib ki, avqustun 7-də yaşadığı evdə təxminən 350 qram spirtli içki qəbul edib və saat 23.00-da Nailənin evinə gedib: “Həmin vaxt Nailənin evində polis sahə rəisi olub. İçəri daxil olaraq Nailəyə birgə yaşadığımız evə getməsini təklif etdim. O mənimlə getmək istəmədiyini bildirdi. Qolundan tutaraq onu çölə çıxartdım və mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində təxminən 300-350 metr apardım.

Gedərkən binanın qarşısında tanımadığım bir qadının məni arxadan çubuqla vurmaq istədiyini gördüm. Çubuğu ondan aldım. “Şəhidlər Xiyabanı”nın qarşısından keçən yolda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığım taksini saxlatdım. Nailədən həmin nəqliyyat vasitəsinə minməsini tələb etdım. Lakin o mənimlə getməyəcəyini bildirdi.

Maşına minmədiyindən əlimdəki çubuqla Nailənin ayaq nahiyəsindən vurdum. Hadisə yerinə polis əməkdaşları gəldi. Əlimdəki çubuğu kənara ataraq onlarla birlikdə polis şöbəsinə gəldim”.

“Getməsini tələb etdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nailənin sözlərinə görə, Elmar mütəmadi olaraq spirtli içki qəbul edib, tez-tez onunla münaqişə etməsi səbəbindən münasibətləri pozulub və 2021-ci ilin iyulunda faktiki surətdə ayrılıblar: “Bundan sonra anamın evinə köçdüm. İyulun 27-də, saat 23.00-da evdə yatarkən qapının döyüldüyünü eşitdim. Yataqdan qalxaraq qapı tərəfə getdim. Səsindən Elmarı tanıdım, ona qapını açmayacağımı dedim.

Elmar qapıya bir neçə dəfə yumruqla vuraraq qapını açmağımı tələb etdi. Təkrar qapını açmayacağımı bildirdim. Həmin vaxt anam, bacılarım da evdə idilər. Onlarda Elmardan getməsini tələb etdilər”.

“Polisə baş verənlər barədə məlumat verdim”

Zərərçəkmiş şəxsin sözlərinə görə, Elmar nalayiq ifadələr işlədib, qapıya yumruq və təpik zərbələri endirməyə başlayıb: “Bir neçə zərbədən sonra o, qapının kilidini qıraraq içəri girdi. Həmin vaxt əlində bıçaq vardı. Məni yataq otağına apardı və saçımdan yapışaraq stulda əyləşdirdi. Ondan nə üçün ayrıldığımı soruşdu. Ona hərəkətlərindən bezdiyimi və artıq onunla yaşaya bilmədiyimi dedim.

Elmar əsəbləşərək məni təhqir edə-edə üzümə bir neçə dəfə şillə ilə və sol ayağıma bir neçə dəfə təpiklə zərbə endirdi. Sonra üzərimə gələrək əlindəki bıçaqla məni öldürəcəyi ilə hədələməyə başladı. Anam, bacılarım onu sakitləşdirmək istədilər. Elmar məni öldürəcəyini bildirdi, onlardan yaxın gəlməmələrini tələb etdi.

Bacım Elmarın sərxoş olmasından istifadə edərək digər otağa keçdi. İstifadəsində olan mobil telefonla çəkiliş edərək Elmarın məni vuraraq ölümlə hədələməsinin videogörüntülərini qeydə aldı.

Elmar bir neçə dəfə yumruq və təpik zərbələri ilə mənə xəsarət yetirdikdən sonra anam tərəf getdi. Onunla mübahisə etməyə başladı. Mən də fürsətdən istifadə edərək otaqdan çıxdım, evin giriş qapısına tərəf qaçdım. Elmar arxamca qaçaraq binanın pilləkənləri tərəfdə saçımdan tutdu. Söyə-söyə məni mənzilə tərəf sürüməyə başladı.

Elmarın sərxoş olmasından istifadə edərək əlindən qaça bildim. İmişli rayon polis şöbəsinə gedərək baş verənlər barədə məlumat verdim”.

“Anam qışqıraraq qonşulardan kömək istədi”

Nailə qeyd edib ki, avqustun 7-də saat 23.00-da evdə olarkən qapı döyülüb: “Həmin vaxt bizimlə profilaktik söhbət aparmağa gəlmiş polis əməkdaşı qapını açdı. Elmar içəri daxil olaraq məndən öz evinə getməyimi tələb etdi. Ona getmək istəmədiyimi bildirdim. Qolumdan tutaraq məni həyətə çıxardı. Piyada mübahisə edə-edə Şadlinski küçəsi istiqamətində apardı. Anam qışqıraraq qonşulardan kömək istədi.

Təxminən 300-350 metr gedəndən sonra arxamızca adamların gəldiyini gördüm. “Şəhidlər Xiyabanı”nın qarşısığından keçən yola çatanda Elmar taksi saxladaraq məndən maşına minməyimi tələb etdi. Getmək istəmədiyimi görəndə isə təxminən 50 santımetr uzunluqda olan bel sapını yerdən götürdü və bədənimin müxtəlif nahiyələrindən vurmağa başladı.

Anam məni kənara çəkmək istəyərkən Elmar əlindəki dəyənəklə onun da ayaq nahiyəsindən vuraraq xəsarət yetirdi. Hadisə yerinə polis əməkdaşları gəldi və Elmarı polis şöbəsinə apardılar”.

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.

Məhkəmə Elmarın barəsində “8 noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edib. Onun cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi barədə hökm elan edib. / Teleqraf.com