İrəvanda çempion olan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi - VİDEO

19 Aprel 2023
643fbf43789e3202304231531
302

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.

64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək qitənin ən güclüsü adını qazanıb. O, eyni zamanda, birdənqaldırma üzrə kiçik qızıl, təkanla qaldırmada kiçik bürünc medal əldə edib.

Təltifetmə mərasimindən sonra Nuray Güngör Azərbaycan bayrağına qarşı təxribata görə İrəvanda yarışmaqdan imtina etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda səsləndirdiyimiz üçün çox xoşbəxtik”.

Daha əvvəl 45 kiloqram çəki dərəcəsində çempion olmuş Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər.