Amerikada həmcinsi ilə ailə quran tanınmış telejurnalist Natiq Nailəoğlu ünvanına yazılan təhqirlərə cavab verib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Natiq insanların fikrinə görə dəyişməyəcəyini bildirib:"Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. "Çıx yalandır de" yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. (Qeyd səhifəm "private"dir ) Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə yox! Mən istədiyim həyatı yaşayıram və bu hər zaman da belə oldu. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili bəzən də üçlü "şəxsiyyət"i oynayaq? yaşayaq? "Ətraf nə deyər?" , "tez-bazar bir qızla evlən" qoy desinlər kişi'dir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz... Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə "mən nə istəyirəm" sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən Sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!". Qeyd edək ki, N. Nailəoğlunun həmcinsi ilə evlənməsi xəbəri Azərbaycanda geniş müzakirələrə səbəb olub. / Saglamolun.Az