“Gecə saat 4-ə qədər həyətdə qalmışıq"- Məşhurlar zəlzələdən DANIŞDI
Aktrisa Cəmilə Tağızadə: “Türkiyədə zəlzələdən qorxduğum üçün Bakıya gəldim, indi isə burda baş verdi”.Şou-biznesin tanınmış simaları ötən gecə baş vermiş zəlzələdən danışıb. News24.az-a açıqlama verən məşhurlardan kimisi zəlzələni hiss etmədiyini desə də, bəziləri gecəni küçədə keçirib: Xalq artisti Röya Ayxanın mətbuat katibi Elvin Elxan deyib ki, sənətçi zəlzələni hiss etməyib.Müğənni Elnarə Xəlilova isə bildirib ki, zəlzələni hiss etməyənlərdəndir: “Biz öz evimizdə deyilik. Goradildə tətildəyik. Heç nə hiss eləməmişik. Bircə təzyiqim qalxmışdı,ürəyim bulanırdı”. Müğənni Murad Arif deyib ki, zəlzələ zamanı Bakıda olmayıb: “Mən Şəmkirdəyəm, Bakıda deyiləm. Ailəm zəlzələni hiss etməyib. O qədər oxudum ki, çalxala-çalxala zəlzələ oldu, çalxalandıq. Kaş hər yer zəlzələdən deyil, musiqidən çalxalansın”. Türkiyədə yaşanan güclü zəlzələdən qorxduğu üçün Bakıya glən aktrisa Cəmilə Tağızadə bildirib ki, həyət evində yaşadığı üçün xüsusi qorxu keçirməyib: “Zəlzələdən qorxuram. Türkiyədə güclü zəlzələ olanda günlərlə yatmadıq. Orda qorxduğum üçün övladımı götürüb Bakıya gəldim. Hazırda həyət evində yaşayırıq. Xüsusi qorxum olmasa da, hər ana kimi övladım üçün narahat oluram”. Müğənni Şəbnəm Tovuzlu isə bildirib ki, zəlzələni hiss etməyən tanınmışlardandır: “Evə yorğun gəlmişdim. Zəlzələni hiss etməmişəm. Biz yatmışdıq. Sonradan bildik ki, zəlzələ olub. Evdən çıxmadıq” .İnsanların daha çox küçələrə axışdığı Yeni Yasamalda yaşayan aparıcı Fira Cəlilova bildirib ki, azərbaycanlılarda həyəcan yaradan Türkiyədə yaşanan zəlzələdir: “İnsanları qınaya bilmirəm, hər kəs küçələrə axışmışdı. Türkiyədə yaşanan zəlzələ insanlarımızı qorxudur. Kimisi başmaqsız düşmüşdü, kimisi çamadanını götürmüşdü. Qorxusundan ağlayan yaşlı qadınlar vardı. Mənə pis təsir etdi. İnsanlar bir-birinə kömək edirdi, qorxanlara dəstək olurdular. Gecə saat 4-ə qədər həyətdə qalmışıq. Hələ də insanlar həyətdə gözləyir”.