“Qocalığın nəyi gözəldir, sevmirəm” - Sənubər İsgəndərli
“Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, “qocalıq gözəldir” deyir. Qocalığın nəyi gözəldir? Qocalıqda nə var? Bu, təbii prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq xəstəliklərin başlanğıcıdır”.
Bu sözləri Əməkdar artist Sənubər İsgəndərli verilişlərin birinə qonaq olarkən deyib. O, qocaldıqca insanların tənha qaldığını bildirib:
“Mənim üçün qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. Çünki şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur”.
S.İsgəndərli anasını itirməsindən danışıb:
“Qeyrətli ana var ki, min ataya dəyər, ata da var, min anaya. Onun önəmi yoxdur, ana ya ata. “Allah sevdiyi bəndəsini tez yanına aparır” deyirik, amma onunla özümüzə təsəlli veririk. Fərq etmir. Düşünmürəm ki, Allah sevdiyi bəndəsini yanına tez aparır. Yox. Sadəcə hər kəsin zamanı var. Mənim anamın da zamanı onda bitdi. Anam gənc deyildi, rəhmətə gedəndə 55, mənim isə 13 yaşım var idi. O, zaman mənə həmin yaş çox böyük görünürdü. Mən artıq anamın öldüyü yaşı keçmişəm”. / Axşam.az