"Biabırçı hadisələri efirə çıxarırlar" - Rasim Balayev üsyan etdi

"Bizi qoyub Amerika filmlərinə baxırlar. Uğursuzluq aktyorlardan asılı olan durum deyil. Yaxşı aktyorlar var, sənəti göstərməyə meydan yoxdur. Bəzən təklif gəlir, deyirlər, 40 seriyadır. Deyirəm, ssenarini göndərin baxım. Bir seriya gəlir. Soruşuram ki, bəs 39 bölüm hanı? Deyirlər, yazılacaq... Belə olmaz, mən bilməliyəm kimi oynayıram. Tamaşaçı da şikayət edir. Tamaşaçı filmdən, yazılan hekayədən ibrət götürməlidir". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev yutubda yayımlanan "Mirinin dibçəyi"ndə deyib. Hazırki filmləri və serialları tənqid edən aktyor maraqlı layihə olmadığını deyib. 

R.Balayev telekanalların hazırki durumunu tənqid edib, sosial verilişləri bəyənmədiyini deyib:

"Televiziya düşüb boş-boş şouların arxasınca: filankəsin donu, uşağı belə getdi. Ağlı başında olan baxmır buna. Televiziya insanların zövqünü korlayıb. Qeybət, səviyyəsiz söhbətlər... Elə şeylər var ki, onu efirə çıxartmaq olmaz. Məhkəməlik hadisələr efirə çıxır. Bir haramzadə oğlan anasın efirdən qovub, efirdə verilir. Cavan biri baxır, fikirləşir ki, ananı qovmaq olar. Pozur adamları. Arvadının sözünə inanıb, anasını evdən qovub. Bütün bunları efirdə göstərməklə nə edirsiniz? O qədər biabırçı hadisələr çıxarırlar ki, tamaşaçının zövqü korlanıb. Ciddi, ağıllı söhbətə qulaq asmırlar. İstədiklərinə nail olublar, zövqlər korlanıb".

Qeyd edək ki, sosial xarakterli mövzular Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Zaur Baxşəliyevin "Bizimləsən", Lalə Azərtaşın "Təsir dairəsi", Elgiz Əkbərin "Elgizlə izlə" proqramlarında müzakirə edilir.