"Bəzi kişilər evində arvadına gücünü göstərir, anlamırlar ki, qadın anadır, namusdur"
Son vaxtlar ölkədə qadın cinayətlərinin sayı yenidən artıb. Ailədaxili münaqişələrin çoxalması, eləcə də qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsi müxtəlif amillərlə izah olunur.
Bu cür halların baş verməsində valideynlərin, xüsusilə ataları qınayanlar da var. Bəzi mütəxəssislər hesab edirlər ki, “o evdən meyitin çıxmalıdır” tələbi qadınların ailədaxili münaqişənin qurbanına çevrilməsinə səbəb olur.
Doğrudanmı qızların qətlə yetirilməsində mentalitetin, mövcud tərbiyənin rolu var?
Yenisabah.az-a açıqlamasında yazıçı-publisist Xeyrəddin Qoca deyib ki, qadınlara qarşı özünü “kişi” adlandıranlar tərəfindən şiddətin, onlara qarşı kobud münasibət göstərilməsi, qadınların döyülməsi və söyülməsi son zamanların hadisələri deyil:
“Həm də bu naqisliklər müsəlman aləmində daha çoxdur. Çünki müsəlmanların çoxu özünü bir kişi kimi qadınlardan üstün tutur, kişi doğulduqları üçün özlərini ailədə külli-ixtiyar sahibi hesab edirlər. Və çoxları da elə bilirlər ki, qadınlardan daha ağıllıdırlar! Onlar anlamırlar ki, qadın anadır, qadın kişinin namusudur, qadınlar kişidən ağılsız deyillər, kişidən daha çox əziyyətə qatlaşırlar və kişidən dözümlüdürlər”.
Onun fikrincə, qadınlar ailəni həmişə kişilərə nisbətən daha çox qorumağa çalışırlar:
“Qadınlar da kişilər kimi işləyib pul qazanırlar, bəzən kişilərdən də çox işləyir, çox pul qazana bilirlər. Yəni, qadınlar heç nədə kişilərdən geri qalmırlar. Sadəcə olaraq, kişilər təbiətən qadından güclü olurlar. Bu isə o demək deyil ki, güclərini qadınların üstündə sınaqdan keçirsinlər!”
X.Qoca onu da vurğulayıb ki, kişilərin qadınlara qarşı şiddət göstərməsi onların cahilliyindən, tərbiyə görmədiklərindən xəbər verir:
“Belə kişilər iş yerində müdirlərinə əsəbiləşib, gəlib acığını evdə həyat yoldaşından çıxaranlardır! İş yerində özündən böyüklərin qabağında əyilib, evində arvadına gücünü göstərənlərdir! Necə deyərlər, “çöldə toyuq, evdə xoruz” olanlardır!”
Yazıçının sözlərinə görə, mədəni ailələrdə qadına qarşı şiddət olmur:
“Qadına əl qaldırmaq, onu öldürmək vəhşilikdir! Bunun başqa adı yoxdur! Sən Allah deyilsən ki, can alırsan! Allah qadınları güclü, kişiləri gücsüz yaratsaydı, nə olardı?! Bir sözlə, qadına əl qaldırmaq kişiyə yaraşmır!”