"Bakıda hər tərəf kameradır, gənclər rahat öpüşə bilmir" - Öpüşmək üçün məkanlar niyə yoxdur?

02 Noyabr 2023
654fec10bb785202311230312
4668

“Əxlaq və namus məsələsi dünyanın bir çox xalqlarında müxtəlif cür improvizə edilir. Bizdə əxlaq yalnız qadının bakirəliyi, onun ərinə, ailəsinə, kişi tayfasına olan sədaqətlə ölçülürsə, digər xalqlarda bu tamam başqa bir şeydir. Məsələn, başqa ölkələrdə əxlaq rüşvət almamaq, xalqın malına göz dikməmək, eyni zamanda vicdanlı yaşamaq, vaxtında vergini vermək, ona tapşırılan məsələləri yerinə yetirmək kimi göstərilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

"Ümid ilə gəl" verilişində ekspert qismində əyləşən kulturoloq qadınla kişinin otelə getməsinin normal olduğunu bildirib. Onun bu fikri birmənalı qarşılanmayıb. 

O, qeyd edib ki, efirdə Azərbaycan cəmiyyəti üçün yeni bir fikir söyləməyib:

“Azərbaycanda illərdir ki, çox böyük mübahisələr gedir. Bu mübahisələrdə əsas müzakirə mövzusu olan məsələ bakirəlikdir. Kişilər, oğlanlar nə vaxt kiminlə istəsə, gəzə bilərlər, amma xanımlar bir nəfərlə otelə gedəndə, yaxud bir restorana gedəndə həmin dəqiqə onun bakirəliyi gündəmə gətirilir. Bunu ictimai mənəviyyatda olan boşluq və bizim illər boyu şair, yazıçı, filosoflarımızın, ictimai xadimlərin kütləvi çağırışlarını qulaqardına vurması kimi götürə bilərik. Halbuki şəhəri gəzən hər kəs bilir ki, onsuz da əxlaqsızlıq edən əxlaqsızlığını edir, insan alveri ilə məşğul olanlar da bədənlərini satmaqla məşğuldur. Bunun üçün Amerika açmağa gərək yoxdur, Bakının Neftçilər, Əcəmi və 20 Yanvar metrostansiyalarının ətrafına baxmaq kifayət edir. Bu ərazilər masajxana, hamam adı altında intim münasibətlər təklif edən, bundan yararlanan insanların tez-tez getdiyi məkanlardır. Onda niyə Aydın Xan və ya digər gözüaçıq ziyalılar Avropada olan yaşam tərzini ölkəyə gətirməyi təklif edirlər, bunu ictimai müzakirəyə çıxarırlar deyib bar-bar bağıranlar özləri həmin yerlərə getməsinlər. Çünki belə pafoslu danışanların özü barədə axtaranda həmişə görürsən ki, bir çoxu problemli, yaxud suçlu adamlar olur. Onlar özlərini sığortalamaq üçün belə pafoslu danışırlar. Əlbəttə, bu televiziya ekspertlərinə aid deyil, mən ümumən sosial şəbəkələrdə video qırıntısı görüb altına ağzına gələni yazanlardan danışıram”. 

Kulturoloq gənclərin evlənməzdən əvvəl görüşməyinin, bir-birini yaxından tanımağının normal olduğunu qeyd edib: 

“Bu məsələnin digər tərəfi də var. Gənclərin evlilikdən əvvəl bir-biri ilə görüşməsini Azərbaycan cəmiyyəti heç vaxt normal qarşılamayıb. Amma mentalitetimizdə nişanlı qalma müddəti var ki, insanlar bir-birlərinə öyrəşsinlər. Gənclərin görüşüb, sevgi söhbətləri etməsi üçün, hətta daha dərinə getsək cütlüklərin öpüşməsi üçün ölkəmizin paytaxtında yerlər varmı? Bütün kafelər, restoranlar video-kamera ilə təchiz edilib, parklarımızda böyük ağaclar yoxdur, artıq onlar da kameralarla əvəz olunub. Gənclər artıq ilkin, romantik hisslərini yaşamaya-yaşamaya içindəki hissləri öldürürlər. Sonra da deyirik niyə bu qədər “mavi”lər, cinsi azlıqlar, impotentlər, ailədə intim problemlər yaşayan gənclərimiz var? Bir az bunun ətrafında düşünmək lazımdır. Qadağalar onsuz da əks reaksiya yaradır. Bildiyiniz kimi, Azərbaycanda artıq alt qatda sevgi və intim münasibətlərdə bir inqilab baş verib. Biz bunu qəbul etsək də, etməsək də gecələr hamı o inqilabın iştirakçısıdır. Gündüzlər isə hamı ya molla olur, ya da milliyyətçi və ya mentalitet keşikçisi. Bax, bu, ən təhlükəli tendensiyadır”.