Ayın 9-u qayıdırlar : Daha biabırçı formatda…
Azərbaycan televiziyalarında sosial məzmunlu verilişlərin efirdən yığışdırılacağı ilə bağlı proqnozlar özünü doğrultmadı. Gözləntilərin əksinə olaraq, tamaşaçıların ən çox narazılıq etdiyi “Bizimləsən”, “Səni Axtarıram”, “Təsir Dairəsi” verilişləri gələn həftənin bazar ertəsindən etibarən yenidən efirə qayıdacaq.
ATV, Xəzər TV, ARB və SPACE TV-nin rəhbərliyi Prezident Adminstrasiyasına çağrılmış, onlara verilişlərin məzmununa ciddi dəyişlik edilməsinə dair xəbərdarlıq olunmuşdu. Həmin vaxt telekanal rəhbərləri sezonun sona yaxınlaşdığını əsas gətirərək, ciddi islahatlardan imtina etmiş, amma yeni mövsümdən sosial məzmunlu verilişlər üçün xarakterik olan neqativ halların aradan qaldırılacağına dair öhdəlik götürmüşdülər.
Cəmiyyətdə yeni sezondan, yəni bu ilin sentyabrdan etibarən həmin verilişlərdə keyfiyyət dəyişikliyinin olacağına dair gözləntilər yaranmışdı.
Qeyd edək ki, sentyabr ayının 9-dan etibarən, sosial məzmunlu verilişlərin əksəriyyəti yenidən efirə qayıdır. Artıq “Bizimləsən”, “Təsir Dairəsi” və “Səni Axtarıram” proqramları yeni mövsümə dair anonslarla efirə çıxıblar.Elgiz Əkbərin müəllif olduğu “Elgizlə İzlə” verilişinin ekran həyatını nə vaxt bərpa edəcəyi isə hələlik bəlli deyil. Həmin proqramın sentyabr ayının ikinci yarısından etibarən efirdə olacağı ehtimal edilir.
Yenisabah.az Azərbaycan teleməkanının ən çox baxılan sosial məzmunlu verilişləri ilə bağlı maraqlı məlumatlar əldə edib. Bəlli olub ki, edilən xəbərdarlıqdan yalnız SPACE TV-nin rəhbərliyi nəticə çıxarıb. Adıçəkilən telekanal özünün ən çox baxılan sosial verilişi olan və keyfiyyətinə görə digərlərindən fərqlənən “Gəl Danış”ın fəaliyyətini dayandırıb. Verilişin aparıcısı, peşəkar jurnalist Amil Xəlil bundan sonra SPACE-də xəbər-kriminal məzmunlu proqramlarla tamaşaçıların görüşünə gələcək.
Əldə etdiyimiz məlumata görə, Lalə Azərtaşın müəllifi olduğu “Təsir Dairəsi”, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” və Zaur Baxşəliyevin təqdimatında efirə çıxan “Bizimləsən” verilişinin məzmununda heç bir ciddi dəyişiklik olmayacaq, əksinə, ötən illərdə narazılıqla qarşılanan xəyanət, zorakılıq, şəxsi həyata müdaxilə halları yenə bu verilişlərin süjet xəttinin əsasını təşkil edəcək.
Məlumatlara görə, həyat yoldaşının xəyanətini canlı efirdə açıqlamağa hazır olan bir neçə kişi yeni mövsümdə efirə çıxmaq üçün artıq qeydiyyatdan keçib.