Aygün Kazımovanın vəsiyyəti görün nə imiş - FOTO

26 Dekabr 2023
658a9abf60089202312231959
366

Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktları təqdim edirik.

Aygün Ələsgər qızı Kazımova 26 yanvar, 1971-ci ildə Bakı şəhərində, Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir.

Aygün ailənin dördüncü – sonuncu övladıdır. Uşaqlıqda pika xəstəliyindən (mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir – red.) əziyyət çəkib. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan “Körpü şou”da qonaq olduğu zaman etiraf edib.

O, 1977-ci ildə Bakıdakı 12 saylı məktəbin 1-ci sinfinə gedir. Tezliklə məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir.

***

Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı kimi yarışlarda iştirak edib. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub.

***

İlk dəfə “Ozan” qrupunun solisti olaraq böyük səhnəyə çıxır. Onda Aygün 9-cu sinifdə oxuyurdu.

***

Məktəbi bitirəndən sonra Mədəni Maarif texnikumuna daxil olan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova “Aypara” və “Qaya” Vokal İnstrumental ansambllarının solisti olaraq fəaliyyət göstərir. “Aypara” qrupunun solisti olan zaman, Aygün Məlik və Alim Qasımovla birlikdə “Rəhm eylə bizə, İlahi” adlı mahnını duet şəklində ifa etmişdir.

Müğənni 1989-cu ildə İlqar adlı oğlanla tanış olur. Bir-birlərini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. İş elə gətirir ki, Aygün həmin ilin dekabr ayında İlqara qoşulub evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Ancaq bu evliliyin ömrü uzun çəkmir. Bir il sonra Aygün Kazımova həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, bu səbəbdən Aygünü hər gün incitməsi olur.

***

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə “Bakı Payızı” yarışması ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi “Yarım eşitsin məni” mahnısını ifa edir. İlk qrand-prisini məhz bu yarışmada qazanır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, “Bu qız kimdirsə, Xalq Artistidir” deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrinin birində “Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır” deyir.

***

Bir il sonra müğənni Latviyada keçirilən “Yurmala-89” mahnı müsabiqəsində iştirak edir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi “Bu sevgi” mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.

Aygün Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq iştirak edir. Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay hərbçilər üçün tibbi yardım göstərir.

***

Elə həmin dövrdə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.

***

“İtgin gəlin” serialı üçün yazılan eyni adlı mahnını ifa edəndən sonra böyük tamaşaçı kütləsi tərəfindən tanınır. Bu mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. O, müsahibələrinin birində əvvəlcə mahnını oxumaq istəmədiyini, sonradan mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə fikrini dəyişdiyini bildirib.

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.

***

“Gecələr keçir”, “Vokaliz”, “Şəklimi çək”, “Depresyondayım”, “İndi sənsiz”, “Matros”, “Sənsizliyim”, “Sevdim”, “Uyma”, “Tez gəl” mahnıları ilə böyük populyarlıq qazanıb.

***

2002-ci ildə Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atır. 8 saatlıq plastik əməliyyata həyatı bahasına olsa belə, razılıq verir. Bu əməliyyat Aygünün ölümü ilə nəticələnə bilərdi. Aygün, baş verəcək bu hadisədən ehtiyatlanaraq vəsiyyət edir: rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının “Tez gəl” mahnısına çəkilən klipin təqdim edilməsini.


Meyxanaçı Namiq Qaraçuxurlu ilə “Sevdi ürək” adlı ilk dueti böyük marağa səbəb olur. Bir müddət sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır.


2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu, Aygün Kazımovanı depressiyaya salır. Uzun müddət özünə gələ bilməyən “Diva” ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova, Zeynəb Xanlarova və Madonna olub. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma Xalq artisti həmişə qeyd edib ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Həmişə seçilmək, fərqlənmək istədiyini bildirib.

***

Aygün müasir Azərbaycan estradasının banisi hesab olunur.

***

Azərbaycan səhnəsində sərbəst hərəkətləri və Qərb standartlarına uyğun geyim tərzi ilə diqqətləri çəkdi. Azərbaycanda ilk sinə əməliyyatı keçirən müğənnidir. O, ən çox plastik əməliyyat etdirən azərbaycanlı sənətçi kimi tarixə düşüb. Sənətçi 30 dəfədən artıq cərrah masasına uzanıb. Buna görə onu sənət fədaisi hesab edirlər.

2011-ci ildə “Extreme Azerbaijan” realiti-şousu üçün Namibiyaya yollanan Xalq artistinin ov tüfəngi ilə nəsli kəsilməkdə olan heyvanı nişan alaraq atəş açması və ceyranı vurması xeyli ajiotaj yaratmışdı.

***

Dünya şöhrətli amerikalı reper Snopp Doggla duet oxuyan yeganə azərbaycanlı müğənnidir.

2015-ci ildə “Big Apple Music Awards” musiqi mükafatına namizəd olub. Lakin ayağına gələn uğuru tərəddüdsüz rədd edərək “Big Apple Music Awards”dan imtina edib. Buna səbəb isə təşkilatçıların ermənilərdən ibarət olması idi.

***


Aygün Kazımova 2016-cı ildə Almaniyanın “DAF BAMA Music Awards 2016” beynəlxalq mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.

Azərbaycanda ən çox səs-küyə səbəb olan klipə imza atıb. 2017-ci ildə müğənninin “S.U.S” mahnısına çəkdirdiyi klip böyük bir ajiotaja səbəb oldu. O, burada fahişə obrazını canlandırmışdı…