“Ali təhsili olmayan müğənnilər efirə buraxılmamalıdır” - Efirdə axmaq-axmaq söhbətlər gedir

18 May 2024
664839c9c0008202405241657
296
“Televiziyalarımızda senzura olmalıdır. Biz həmişə oranı mavi ekran kimi görmüşük, insanlar ona baxıb zövq alıb. Bizdən əvvəl və bizim dövrümüzdə insanlar televizayadakı verilişləri həsrətlə gözləyirdilər. O verilişlərdən, filmlərdən, aparıcılardan nəsə öyrənirdilər. Senzura olduğu üçün insan özünü toparlayırdı. İndi baş verənlər isə çox pis haldır. Bunu bütün xalq pisləyir”.
Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.
Aktrisa televiziyalarda özünü apara bilməyən müğənnilərin fəaliyyətini sərt tənqid edib:“Küçədə-bayırda dava olanda, bir adam axmaq hərəkət edəndə hamı ona baxır. Bunlar əgər çıxıb televiziyada meymunluq edirlərsə, əlbəttə, qarşısı alınmalıdır. Bura bazar deyil axı, efirdi. Bu gün bazarın özündə belə mədəniyyət var. Efirdə ağzına gələni danışmaq olmaz. Bu təkcə müğənnilərə aid deyil. Elə aparıcılar var ki, yaşlı sənətkarlara həqarət edir, bunların hamısını görmüşəm. Sanki çəki-düzən itib, bir-birinə qarşı hörmətsizlik var.
Müğənnilər bunu başa düşməlidir ki, əgər hansısa sənət adamını pisləyirsə, artıq özü də başqasının gözündən düşür. Bizim də dövrümüzdə aramızda müəyyən gərginliklər olub. Amma bunu televiziyada deyəndə sərhədi aşmamışıq”.
N.Allahverdiya ali təhsili olmayan müğənnilərin efirə çıxarılmasının əleyhinə olduğunu bildirib:
“Mənə belə gəlir ki, yüksək təhsili olmayan müğənniləri efirə buraxmasınlar. Biz şou proqramların əleyhinə deyilik, amma o proqramlar estetik cəhətdən insanları qıcıqlandırmamalıdır. Əksinə, insanları güldürməlidir. Bu gün efirlərdə teatrın, mədəniyyətin deyil, axmaq-axmaq söhbətlərin təbliği gedir. Bütün bunlar efirlərdən yığışdırılmalıdır.
Özüm mədəniyyət işçisiyəm, amma artıq bəzi kanallara baxmıram. Yəni orda bazar söhbətləri gedir. İndi bazar mədəniyyəti efir mədəniyyətindən yüksəkdi. Bu da insanlara təsir edir. Nə böyük, nə kiçik bilirlər. Bir də görürsən ki, hansısa uşaq sənətdə sözünü demiş, tarixə düşmüş insana söz atır. Televiziyada olan bu söhbətlər ailələrə də sirayət edir. Ailələrdə artıq gənclər öz valideynlərinə həqarət edirlər. Çünki gördükləri budur. Televiziya qorunmalıdır, bura sosial şəbəkə deyil”.