ABŞ-da yüksək vəzifədə işləyən Nisə Hacıyeva kimdir? - FOTO

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkun təhlükəsizliyini 37 000 polis qoruyur. Birləşmiş Ştatların ən böyük polis təşkilatı olan Nyu-York Polis Departamenti (NYPD) həm də dünyanın ən qabaqcıl polis təşkilatıdır. Sevindirici hal oldur ki, NYPD-də azərbaycanlı polislər də işləyir. Həmsöhbət olduğumuz Nisə Hacıyeva isə NYPD-də işləyən ilk azərbaycanlı qadın polisdir.

O, “Report”un yerli bürosuna müsahibəsində Nyu-Yorkda polis olmağın bilinən və bilinməyən tərəflərindən danışıb.

- Bir qədər keçmişə gedək, necə oldu ki, Azərbaycandan gəlib ABŞ-da fəaliyyət göstəməyə başladınız?

- Mən 1986-ci ildə Bakıda anadan olmuşam. Atam azərbaycanlı, anam rusdur. Anam rus ailəsində doğulsa da, uşaqlıqdan Bakıda böyüyüb. Mənim hekayəm başqalarından bir qədər fərqlidir. Atam və anam lal-kardır. Bir qardaşım var. O isə daun sindromlu doğulub və məndən böyükdür. Bakı şəhərində böyüyüb boya-başa çatmışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər Universitetinə yüksək balla qəbul oldum. Universitetdə təhsil aldığım vaxt proqramla ABŞ-a gəldim. Bir il ABŞ-ın Kolorado ştatında təhsil aldım və çalışdım. Daha sonra Bakıya döndüm. Bir müddət orda qaldıqdan sonra təkrar ABŞ-a geri dönməyə qərar verdim. Təhsilimi Nyu-Yorkda (City University of New York) Bruklin kollecində davam etdirdim. Daha sonra ailə qurdum. İndi dörd övladımız var, iki qız, iki oğlan. Böyük qızım 11, balaca qızım isə 5 yaşı var. Bir neçə il öncə iş axtarmağa başladım. Araşdırdım və ABŞ-ın ən böyük polis təşkilatı olan Nyu-Yorkda işə başlamağa qərar verdim.

- İşə qəbul prosesi necə oldu? Nyu-Yorkda polis olmaq üçün hansı mərhələlərdən keçdiniz?

- Öncə onu qeyd edim ki, ailəm uşaqlıqdan bütün mövzularda hər zaman məni dəstəkləyib. Anam mənə deyirdi ki, nə olmaq istəyirsənsə, o peşəni özün seçməlisən. Bakıda Azadlıq prospektində yaşayırdıq və evimiz polis bölməsinin üstündə idi. Atamla balkonumuzda oturanda həmişə polisləri görürdüm və onların polis bölməsinə gətirdikləri cinayətkarlarla necə davrandıqlarının canlı şahidi olurdum. Həmişə fikirləşirdim ki, polis olmaq çətin işdir. Bir qadın olaraq polis olmaq isə vəziyyəti daha da çətinləşdirir. Azərbaycanda heç qadın polis görmədim, ancaq ABŞ-da, xüsusilə də, Nyu-Yorkda qadın polislər çoxdur. Anamı indi yanıma gətirmişəm, o bizimlə yaşayır. Atam isə artıq vəfat edib və təəssüf ki, bu uğurumu görmədi.

İşə qəbul prosesinə gəlincə, onu deyə bilərəm ki, olduqca çətin prosesdir. Öncə onlar Azərbaycana sorğu göndərərək mənim doğulduğum gündən bu günə qədər bütün həyatımı araşdırdılar. Polis Akademiyasına qəbul olmaq üçün isə mən bir neçə imtahan verməli oldum. Bunlardan biri psixoloji imtahan idi və olduqca çətin keçdi. Bəzən elə suallar verirlər ki, çıxılmaz vəziyyətdə qalırdım. Ancaq həmin imtahandan da müvəffəqiyyətlə keçdim. Daha sonra yazılı və fiziki imtahanı uğurla tamamladım. Bütün şərtləri ödədikdən sonra 2020-ci ildə Polis Akademiyasına qəbul oldum. 6 ay müddətində həmin akademiyada təhsil aldım. Mənimlə eyni vaxtda akademiyada 500 tələbə təhsil alırdı. Mən onların arasından seçilərək “Kəskin nişançı” (Sharp Shooter) nişanı aldım. Silah istifadəsində birinci idim. Açığı, o günə qədər əlimə silah almamışdım və belə bir istedadımın olduğunu da elə təhsil alanda öyrənmiş oldum. Yeni-yeni çox həyacanlı idim. Çünki bu sahədə heç bir təcrübəm yox idi. Belə ki, polis bölmələrində çalışanların çoxu hərbidən gəlib polis olurlar. Bu isə vəziyyəti asanlaşdırır. İndi artıq alımışam və sevinirəm ki, işlədiyim NYPD-nin çox gözəl kollektivi var. Hər kəs bir-birini çox dəstəkləyir.

- NYPD-də sizdən başqa, azərbaycanlı polislər varmı?

- Bəli var. Onlardan 6-7 nəfəri tanıyıram. Hətta onlardan bir neçəsinin yüksək rütbəsi var. Dünyanın ən böyük polis departamentində işlədiyimizi nəzərə alsaq, burda bir-birimizi tapmağımız bir qədər çətindir. Bir neçə ay öncə Azərbaycanın müstəqillik günündə ölkəmizin BMT-dəki daimi nümayəndəliyi keçirdiyi görüşdə bizi bir yerə topladı. Orada bir-birimizlə yaxından tanış olduq. Hər kəs fərqli bölmələrdə işləyir. Nyu-York polisində Türkiyədən və Rusiyadan olan xeyli sayda polis işləyir. Türklərin sayı 100-dən çoxdur. Ona görə də onlar özlərinin assosiasiyalarını yaradıblar. Müxtəlif günlərdə görüşür, ölkələrinin bayramlarını qeyd edir, tarixi əhəmiyyətli günlərdə bir yerə toplaşırlar. Ümid edirəm ki, bizim də burda sayımız artacaq və yaxın gələcəkdə biz də öz assosiasiyamızı yaradacağıq. Az olsaq da, öz kimliyimizi qoruyub saxlamaqla yanaşı, yerli polisləri Azərbaycan haqqında məlumatlandırırıq. Xüsusilə, yeni işə başladığımız zaman tez-tez hər kəs məndən Azərbaycan haqqında məlumat almağa çalışır və Azərbaycanın harda olduğunu soruşurdular. Mən də onlara milli geyimlərdə olan şəkillərimi göstərir və Azərbaycanın zəngin təbiətindən, mədəniyyətindən danışırdım. Onlar bunu olduqca maraqla qarşılayırdılar. Bəzən işə evdə bişirdiyim milli yeməklərimizdən aparıram və iş yoldaşlarımla bölüşürəm. Onlar artıq Azərbaycanın necə dadlı və ləzzətli mətbəxi olduğunu bilirlər. Azərbaycan üçün çox darıxıram. 20 il orda yaşamışam və Azərbaycan mənim üçün hər şeydir. Çalışıram ki, övladlarım Azərbaycan adət-ənənələri ilə böyüsünlər. Novruz bayramında tonqal qalayırıq, onlara evdə Azərbaycan yeməkləri bişirirəm. Bizim insanlar çox başqadırlar. ABŞ cəmiyyəti olduqca fərqlidir. İnsanlar təkliyə üstünlük verirlər, qonşuluq mədəniyyəti yoxdur. Biz Azərbaycanda qonşularımıza istədiyimiz vaxt rahat gedib-gəlirik, dostlarımızla istədiyimiz vaxt görüşə bilirik. Ancaq burda belə deyil. İnsanlar bu kimi ehtiyaclarını, təkliklərini evlərində saxladıqları heyvanlarla tamamlayırlar. Daha çox Nyu-Yorkda belə yaşayış tərzi var, bir qədər Nyu-Yorkdan uzaqlaşdığınız zaman vəziyyət qismən dəyişir.

- Gələcək planlarınız nədir?

- Çətin olsa da, işimi çox sevirəm. Streslə yanaşı, insanlara faydalı olmaq, kiminsə köməyinə yetişmək bu peşənin ən zövq aldığım tərəfidir. ABŞ-da xidmət etsəm də, ürəyim hər zaman Azərbaycanla döyünür. Ölkəm üçün hər zaman faydalı olmağa hazıram. BMT-nin yüksək səviyyəli həftəsində maraqlı bir hadisənin şahidi olmuşdum. Bir çox polis dostlarım gəldikləri ölkərin rəhbər şəxslərinin təhlükəsizliyini qorumaq üçün təyin edilmişdilər. Gələcəkdə bu kimi fürsət olarsa, mən də dəyərləndirəcəyəm.