73 yaşım var, yaxın iyirmi ildə planımda ölmək yoxdur - Sabiq deputat
Sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 23 yaşlı nəvəsi Həsən Salahzadənin Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsində ümumi sahəsi 1286 kvadratmetrlik 3 binadan ibarət obyekt açmasının müzakirə yaratmasına, belə bir biznesi qurmaqda babası Paşazadənin ona dəstək verməsi barədə fikirlərə münasibət bildirib.
Q.Salahzadə Pravda.az-a açıqlamasında deyib ki, məlumat həqiqətə uyğun deyil.
“Bilgəhdə nə qədər desəniz, obyektim var. 23 yaşında nə obyekt açmaq? Həsən şəhərdə yaşayır. Ayrı ev-eşiyi var, Bilgəhdə nə işi var? Heç Bilgəhə gəlir ki, hələ bir obyekt də açsın? Vallah, Həsəni görəndə sevinirəm. Bilgəhdəki obyektlərin hamısını mən açmışam. Qohumlarımın adına da salmışam, bu, başqa şeydir. Həsənin adına heç eşşək də yoxdur. Nəvələrimin hamısını kənddən uzaqlaşdırmışam ki, qoy gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar. Bilgəhdə nə var ki, obyekt açsınlar? Bir hacı Qalib var, ancaq ondan yazırlar. Nəvələrimi oxutdururam. Həsən Salahzadənin nə işlə məşğul olduğunu heç bilmirəm. Bircə bunu bilirəm ki, hardasa ciddi işlərlə məşğuldur. Başlayıblar ki, Şeyx Həsənə kömək edib. Şeyxin öz övladları var. Məgər mən ölmüşəm ki, icazə verəm, nəvələrim kiməsə ağız açsınlar? 73 yaşım var, yaxın iyirmi ildə planımda ölmək yoxdur. Uşaqlar həddindən artıq qabiliyyətlidirlər. Mən onları tərbiyə ilə böyütmüşəm. Övlad hər şeydən əzizdir. Nə pul, nə var dövlət? Kimsə "övladım 25 yaşında gənc biznesmen olub" deyirsə, sübut edərəm ki, hamısı yalandır. Mən bu həyatı yaşamışam. İnsan ancaq 30 yaşından sonra biznesmen ola bilər, o da ağlı başında olsa... 23 yaşında birinin atası, babası ona kömək olmasa, o heç bir biznes qura bilməz. Bu söhbətləri yayanlar məqsəd güdürlər, uşağın adını mətbuata buraxırlar. Həsən çox savadlıdır. Amerikada oxuyub. Qohum-əqrabadan başqa adam tanıyır ki? İndi yer-göy ev tikir. Mən də bir ev tikdim, bloger Mehman Hüseynov dron çıxarıb ev-eşiyimi çəkib internətə yerləşdirdi ki, hacı Qalibin 85 milyonluq mülkü. Heç mənim vecimə deyil...".
Q.Salahzadə ötən ay Allahşükür Paşazadənin qızı, deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin Bilgəhdə Zuğulba prospekti, giriş 258A ünvanında obyekt açması ilə bağlı yayılan iddialardan da danışıb: “Əliabbas Salahzadənin xanımı heç vaxt heç bir işə qarışmayıb, heç nədən xəbəri yoxdur”.