“16 yaşım olmamış maşına basıb qaçırıblar, qayıtsam, məni alan olmayacaqdı”
Tez-tez sosial şəbəkələrdə müğənnilərin evinə, maşınına, geyiminə görə tənqid hədəfinə çevrildiyini görürük. Bir neçə gün öncə Əməkdar artist Elnarə Abdullayeva da efirdə bu haqda danışdı.
Tanınmış xanəndə bəzi izləyicilərin müğənnilərə qənim kəsildiyini dedi. Onun sözlərinə görə, bəzi tamaşaçılar, xüsusilə sosial şəbəkə iştirakçıları müğənniləri təftiş etməklə məşğuldur: “Təzə paltar geyinəndə deyirlər ki, Elnarə qudurub. Köhnə libasla efirə çıxanda yenə narazılıq edirlər. Deyirlər ki, sənətkardı, xalqın qarşısını çıxır, amma geyiminə fikir vermir”. Bəs görəsən, cəmiyyət niyə məşhurlara qarşı bu qədər aqressivdir? Sənət aləmində geyim nə qədər önəmli rol oynayır? Bu, toy qiymətlərinə də təsir edirmi?
Məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış müğənni Afət Fərmanqızı bildirib ki, sosial şəbəkələrdə bəzi insanlar maddi imkanı yaxşı olan birini görən kimi onu təhqir etməyə başlayırlar:
“Kimin evi yoxdursa, yaxşı evi olan birini görən kimi, əri olmayan əri olanı görən kimi, maşını digərindən ucuz olanı görəndə söyür. Bu sözlər bəzi şəxslərə aiddir. Bunun səbəbi nədir mən də bilmirəm. Hər şeyin kökündə cahillik dayanır. Mən demirəm, hamı alim, ziyalı olmalıdır, amma ən azından hamı bir şeyi başa düşməlidir ki, başqasının işinə qarışmaq olmaz. Nəyəsə irad bildirə, tənqid edə bilərsən, amma qarşıdakını təhqir etmək olmaz. Müğənnillərin 90%-nin sosial şəbəkə hesabında telefon nömrələri qeyd olunub, təhqir edənlər götürüb o nömrə ilə əlaqə saxlasınlar, desinlər ki, mən filankəsov filankəsəm və səni təhqir edirəm. Hünəri çatan belə etsin, yoxsa monitor arxasından, saxta profillərdən nənəm də edər. Bu iş deyil, sözün varsa, “duxun” çatırsa, yerini de, nömrəni qoy sonra təhqir et. Sosial şəbəkələrdə anonim hesablardan şərh yazıb söyənlərə mən heç baxmıram. Hamıya söyürlər. Kişidirsə, yerini desin, nə olsun qadınam, harada, necə deyir tet-a-tet gəlim, söhbət edək. Beləsi yoxdur”.
Sənətçi sosial şəbəkələrdə, efirlərdə problemlərindən danışaraq insanları yormağı sevmədiyini qeyd edib. O, izləyicilərinə hər zaman pozitiv əhval-ruhiyyə bəxş etmək istədiyini deyib:
“Mən əvvəldən səhv etdim. Gərək əvvəldən bəzi müğənnilər kimi ağlayardım. Kimsə ağlayanda bizim camaatın xoşu gəlir, onda ona yazıqları gəlib başlayırlar tərifləməyə. Mən ağlamağı, dərdimlə kimisə kədərləndirməyi sevmirəm. Mən soğan-çörək yesəm də, həmişə özümü tox tutmuşam ki, dərd-sərimlə camaatı bezdirməyim. Yeri gəlsə, məndən dərdli müğənni yoxdur, anam da, atam da cavan rəhmətə gedib, cavan qardaşım rəhmətə gedib. Erkən yaşda başıma faciə gəlib, məni götürüb qaçıblar, məcbur qalıb ailə qurmuşam, çünki geri qayıtsam, kənddə məni alan olmayacaqdı. Amma mən istəmədən məni götürüb qaçırıblar, 16 yaşım olmamış əlimi, ağzımı tutub maşına basıb qaçırıblar. Bu, uşaq oğurluğu idi. Sonra da həmin şəxs polisdən qaçıb gizləndi. Mənə dedilər ki, bundan sonra səni kim alacaq? Kənddə bir adın beş olacaq və s. Məcbur olub taleyimlə razılaşdım və ailə qurdum. Bu da bir faciədir. Ailə istəmədən qurulmuşdu deyə elə əvvəldən bilirdim ki, boşanacağam, o cür də oldu. Boşanandan sonra da boşanmış qadına min ad qoşurdular.
Bu qədər faciəni yaşayan adam necə dərdli olmaya bilər?! Sadəcə, mən dərdimlə insanları üzmək istəmədim, pozitiv enerji ötürmək istədim. Amma sən demə, səhv etmişəm, ancaq ağlamaq lazım imiş, hətta imkanın olanda da ağlamaq lazım imiş. Çünki bəzi insanlar güzəranı yaxşı olan adam görəndə başlayırlar onu söyməyə. Mən özüm isə imkanlı adam görəndə sevinirəm”.
Müğənni Rusiyaya köçdüyünə görə onu tənqid edənlərə cavab verib və bunun səbəblərini açıqlayıb:
“Mən ailə qurduğum üçün məcbur olub həyat yoldaşımla Rusiyaya köçdüm. Çünki onun Azərbaycanda yaşamağı mümkün olmadı. Ərim harada, mən də orada, mikrofonumu götürdüm gəldim Rusiyaya. Burada qazanc Azərbaycandan çox olanda dördəlli yapışdım.
Bəziləri sosial şəbəkələrdə bəzən yazırlar ki, qürbətdədir filan. Əvvəla, mənim Azərbaycanda ailə üzvlərim yoxdur, anam, atam, qardaşım rəhmətə gedib, bacım, digər qardaşım, oğlum da hamısı Avropadadır. Burada yaşama səbəbimin birincisi budur, ikincisi, işim, qazancım burada daha yaxşıdır. Bəzən yazırlar ki, evini buraxıb gedib orada yaşayır, Azərbaycanda yaşasaydım da yazacaqdılar ki, ərini buraxıb burada qalır, yaxud deyəcəkdilər ki, əri bunu aldı, burada atdı çıxdı getdi. Mən indi sizin dediyinizlə oturub durum? Hərənin öz şəxsi həyatı var. Kim nə istəyir desin, dinləmirəm”.